Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli və həmin ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu mayın 31-də “MEDİAFEST-2025” çərçivəsində Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşüblər.
İnterpress.az xəbər verir ki, görüşdə onlar jurnalistika sahəsindəki akademik və praktik təcrübələrini tələbələrlə bölüşüblər.
Professor Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırıb. O həmçinin tələbələrə media dünyasında peşəkar olaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğru formalaşdırmağı tövsiyə edib.
Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiya tərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkar jurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb. Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnız gündəlik fəaliyyətlə məhdudlaşmamalıdır; hər bir jurnalist elmi biliklərlə təchiz olmalıdır.
Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bu görüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.”Report”