Mərkəzi Bank “VTB Azərbaycan”ın vəzifəli şəxsini niyə cərimələyib? – SƏBƏBbackend

Mərkəzi Bank “VTB Azərbaycan”ın vəzifəli şəxsini niyə cərimələyib? – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank VTB Azərbaycan” ASC-nin vəzifəli şəxsini cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, AMB-nin yaydığı məlumatda cərimə məbləğinin 4 000 manat olduğu qeyd edilib.

Qeyd edilir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib.

İqtisadiyyat.az “Bank VTB Azərbaycan”ın vəzifəli şəxsinin tələbləri pozulan hüquqi aktlara əsasən cərimələnməsinin səbəblərini araşdırıb.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi banklar arasında münasibətlərdən bəhs edir. Həmin qanunun 35.4-cü maddəsində deyilir ki, banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Bankın vəzifəli şəxsinin tələblərini pozduğu digər qanunvericilik faktı isə “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndidir. Ümumiyyətlə, bu Qaydanın 3-cü maddəsi Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatların təqdim edilməsi qaydasını göstərir.

Qaydanın 3.3-cü bəndinə əsasən, MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 440-cı maddəsində isə mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə cərimə məbləğləri nəzərdə tutulub.

440.1-ci maddədə deyilir ki, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli və hüquqi şəxslər müəyyən olunmuş məbləğdə cərimə edilir.