Myanma hərbi idarəsi yeni qüvvəyə minmiş məcburi hərbi xidmət qanunu çərçivəsində hər il 60 min gənc kişi və qadının hərbi xidmətə çağırılacağını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Hərbi idarə yeni qüvvəyə minmiş icbari hərbi xidmətlə bağlı açıqlama verib.
Qanuna görə, hər ay 5 min gənc oğlan və qız hərbi xidmətə çağırılacaq.
Myanma Hərbi Hökumətinin sözçüsü general-mayor Zav Min Tun BBC-yə bildirib ki, ilk qrup aprelin ortalarında ənənəvi yeni il adlandırılan Thingyan qeyd etmələrindən sonra çağırılacaq.
Zav Min Tun 56 milyon əhalisi olan ölkədə təxminən 14 milyon nəfərin, 6,3 milyon kişi və 7,7 milyon qadının hərbi xidmət kriteriyalarına cavab verdiyini bildirib.
Beşinci qrupdan başlayaraq qadınların hərbi xidmətə çağırılacağı gözlənilir.
Ölkədə “Ehtiyat Qüvvələr haqqında” qanun da qüvvəyə minib və bu qanunda ordudakı yaşlıların istefa və ya təqaüdə çıxdıqdan sonra daha 5 il xidmət etmələrini nəzərdə tutur.
Fevralın 10-da qəbul edilən qərarla ölkədə gənc oğlan və qızların müddətli həqiqi hərbi xidmət keçəcəkləri açıqlanıb.
Bildirilib ki, 18-35 yaş arası kişilər, 18-27 yaş arası qadınlar ən azı 2 il hərbi xidmət keçməlidirlər.
Qeyd olunub ki, fövqəladə hallarda hərbi xidmət müddəti 5 ilə qədər uzadıla bilər, bu təcrübəyə qarşı çıxanlar isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər.