Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində oldubackend

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universitetində dünyaşöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərlə görüş keçirilib.

İnterpress.az xəbər verir ki, görüşdə Naxçıvan Dövlət universitetinin rektoru Elbrus İsayev Türk qardaşlığını əziz tutan, Azərbaycanı öz ölkəsi qədər sevən Əziz Səncəri ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Rektor bugünkü görüşü ali təhsil ocağının tarixində əlamətdar hadisə kimi qiymətləndirib: “Əziz Sǝncǝr şəxsiyyəti elm sahəsində Nobel mükafatı alan ilk türk alimi kimi bizim üçün çox ǝzizdir”.

Elbrus İsayev qeyd edib ki, Əziz Səncər Qarabağ Zəfərini Türkiyə qurtuluş savaşından sonra türk xalqının ikinci böyük qələbəsi kimi dəyərləndirib. Xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 10 sentyabr tarixli Sǝrǝncamı ilǝ Nobel mükafatçısı, görkəmli alimi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilǝ təltif edilib.

Rektor rəhbərlik etdiyi universitetin qardaş Türkiyə universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrindən söz açıb: “Türkiyənin 80-ə yaxın universitetləri ilə əlaqələrimiz mövcuddur. Universitetdə 2000-ə yaxın türkiyəli tələbə təhsil alır”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu auditoriyada Nobel mükafatçısı Əziz Səncərlə görüşməkdən duyduğu sevinc hissini ifadə edib. Akademik görüşü Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrində möhtəşəm hadisə kimi dəyərləndirib.

Əziz Səncər hər kəsi salamlayaraq Azərbaycana olan sonsuz sevgisindən danışaraq, buranı öz vətəni kimi sevdiyini vurğulayıb.

“Türk dünyasının birliyini görmək istəyirəm. Bu, mənim ən böyük arzum olub”,-deyən Əziz Səncər Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni bütün Türk dünyasının zəfəri hesab edib.

Nobel mükafatçısı alim istǝnilǝn uğurun qazanılmasında yalnız zəhmət vǝ fədakarlığın durduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, texnologiya nə qədər müasir dövrümüzə nüfuz etsə də, amma insanların təməl elmləri öyrənməsi daha vacibdir. “Eyni zamanda, bütün elmlərin əsasında insanlıq durmalı, oxuduğun, tətbiq etdiyin elm sahəsi bütün insanlığa faydalı olmalıdır”, – deyə dəyərli alim öz tövsiyələrini auditoriyaya ünvanlayıb.

Nobel mükafatçısı Əziz Səncər tələbələrin suallarını cavablandırıb.

Görkəmli alim universitetin professor-müəllim heyəti adından mükafatlandırılıb.

Universitet Elmi Şurasının Nobel mükafatçısı Əziz Səncərin adına təsdiq etdiyi tələbə təqaüdü görkəmli alimin iştirakı ilə Tibb fakültəsinin III kurs tələbəsi Nəzrin Həsənovaya təqdim edilib.

Qeyd edək ki, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya da görüşdə iştirak edib.