Polşa təhlükəsizlik qüvvələri Belarus vətəndaşının avtomobilini atəşə tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.
Qrodno vilayətinin 60 yaşlı sakini Almaniyadan yeni aldığı “BMW” markalı avtomobili ilə geri qayıdarkən Polşa ərazisində dəhşətli hücuma məruz qalıb.
Polşanın Sısuv şəhəri yaxınlığındakı magistral yolda hərəkətdə olan Belarus vətəndaşı mülki geyimli şəxslərin atəşinə tutulub. Avtomobilə 30-dan çox güllə atılıb.
İlkin olaraq yerli xəstəxanaya yerləşdirilən yaralıya zəruri tibbi yardım göstərilsə də, vəziyyəti pisləşdiyindən o, təcili şəkildə Belarusa çatdırılıb.
Müayinə zamanı kişidə çoxsaylı sümüklərin sınması, eləcə də qulaq, burun, ağız və baş nahiyələrində ağır travmalar aşkar edilib.
Hazırda üç ağır cərrahiyyə əməliyyatı keçirən Belarus vətəndaşının həyatı üçün təhlükə yoxdur, lakin həkimlərin nəzarəti davam edir.
Polşa tərəfi insidentə “avtomobildə cinayətkar qrupun olduğunu düşündük” deyə bəraət qazandırmağa çalışsa da, Belarus İstintaq Komitəsi bu versiyanı qəbul etməyib. Faktla bağlı cinayət işi başlanılıb.
İnsidentlə bağlı rəsmi Minsk və Varşava arasında diplomatik gərginliyin yaşanacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






