Sosial mediada qazla işləyən taksinin sifariş yerinə çatan kimi partlamasının görüntüləri yayılıb. Sürücü yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu məsələ maraqlı suallar doğurur: bəs Azərbaycanda vəziyyət necədir, qazla işləyən taksilərdə belə hadisələrin baş verməsi təhlükəsi varmı?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını nəqliyyat eksperti Elməddin Murad cavablandırıb.
“Qazla işləyən avtomobillərin parklanması və digər problemlərin yaşanması bütün dünya ölkələrində ola bilər və olur. Çünki bəzən bu vasitələrlə doğru-düzgün davranmırlar, düzgün istismar etmirlər, daha ucuz başa gəlsin deyə sadə, primitiv üsullardan istifadə edirlər və bu da müəyyən fəsadlar yaradır.
Azərbaycanda da var belə hallar və belə hadisələr də olub, bu yaxınlarda biz bunun şahidi olduq. Buna görə tövsiyə edirik ki, qaz quraşdırılan avtomobillərin izolyasiya sisteminə mütləq ciddi yanaşmaq lazımdır.
Sistemin quraşdırılması məsələsi peşəkar ustalara, peşəkar servislərə, təmir məntəqələrinə həvalə edilməlidir. Belə olan halda təhlükə yaranmaz. Ancaq bəzən görürsünüz ki, yenə də insanlar daha ucuz variantlara əl atırlar, bu da təhlükə yaradır”, – nəqliyyat eksperti bildirib.
Daha sonra o, qazla işləyən avtomobillərin parklanması ilə bağlı problemlərə toxunub.
“Qazla işləyən avtomobillərə münasibətdə hüquqi boşluqlar hələ də qalmaqdadır. Çünki qazla işləyən avtomobillər dünya təcrübəsinə görə ümumi parklanma yerlərinə girməməlidir.
Açıq parklanma yerlərində onlar üçün ayrıca yer ayrılır, digər nəqliyyat vasitələrindən bir neçə metr kənarda olmalıdır. Qapalı parklanma yerlərinə onların girişi qadaqandır və bu cür üsullar var, amma Azərbaycanda bu qanun hələ ki, yoxdur, boşluqdur.
Ona görə, görürsünüz, hansısa ticarət mərkəzlərinin qarşısında tıxac, sıxılıq yaranır. Niyə? Çünki o maşınları bir-bir yoxlayırlar, qazla işləyən maşın varsa mühafizəçilər onu kənarlaşdırırlar. Amma bu qanun şəkilində qəbul olunsa, təbliğat aparılsa, insanlar da başa düşər ki, qaz quraşdırılmış nəqliyyat vasitələri ilə bu hərəkətlər olmaz”, – ekspert fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az