Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Mövzu ilə bağlı interpress.az-a danışan şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu bu qadağanı alqışladığını bildirib.
“Bu qadağanı alqışlayıram, çünki bunun ilk təşəbbüskarlarından biri mən olmuşam. On ildən çoxdur ki, bu barədə danışıram, bildirirəm ki, heç nəyə baxmadan qadağan etmək lazımdır.
Nə olsun ki, İslamda icazə verilib bu evliliyə, lakin elə İslamın öz prinsiplərinə görə bu, haramdır. Çünki İslam dinində insanın orqanizminə, sağlamlığına ziyan verən şeylər qadağan olunur. Elə İslamın öz mahiyyətinə görə qohuma evlənmək haramdır.
Əvvəla, statistika onu göstərir ki, qohum evliliyindən xeyli xəstə uşaq doğulur. Hətta xəstə uşaq dünyaya gətirəcəyini təxmin edən ana 9 ay ərzində həyəcan, stress yaşayır ki, bu da həm anaya, həm uşağa ziyandır”, – sosioloq bildirib.
Daha sonra Əhməd Qəşəmoğlu öz müşahidələrindən danışaraq əlavə edib ki, valideynlər bilə-bilə ki, övladı xəstə doğulur, yenə dayanmır.
“Ailə tanıyıram ki, qohum evliliyindən üç uşaqları olub, 3-ü də xəstədir. Əgər valideynlər görsə ki, onların uşaqları xəstə doğulur, dayanmalıdırlar. Yoxsa 1 uşaq doğulur, 2-yə, 3-yə niyə razı olursan? Sonra da deyirlər “Allah kərimdir”. Allah heç kimə sən bilə-bilə təhlükəli işlərlə məşğul ol, mən səni qoruyacam deməyib”, – sosioloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az