Rusiya Pravoslav Kilsəsinin keçmiş mitropoliti İllarion Çexiyada saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiya Pravoslav Kilsəsinin Xarici Kilsə Əlaqələri İdarəsinin keçmiş rəhbəri, mitropolit İllarion Çexiyanın Karlovı Varı şəhərində saxlanılıb.
Polis onun idarə etdiyi avtomobilə baxış keçirərkən dörd konteynerdə ağ rəngli maddə aşkar edib.
Mitropolitin ətrafındakı şəxslərin sözlərinə görə, o, hadisədən bir neçə gün əvvəl anonim təhdidlər alıb.
İnsident mayın 24-də baş verib. Mitropolit Müqəddəs Pyotr və Pavel kilsəsindən operatorla birlikdə çıxdıqdan qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda həbsdə olan İllarionun vəkilləri onun günahsızlığını sübut etmək üçün dəlil toplayırlar.
Mitropolit İllarion baş verənlərə dair açıqlama verib: “Mən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt heç bir əlaqədə olmamışam və deyiləm. Bir din xadimi kimi, belə bir ehtimalın özü belə tamamilə yalandır. Mən baş verənlərin tam, müstəqil və prosessual cəhətdən qüsursuz araşdırılmasını tələb edirəm!”
Hazırda iş üzrə araşdırmalar davam edir, mitropolitin vəkilləri müstəqil ekspertiza aparılmasını təkid edirlər.
Xuraman Etibarlı
İnterpress.az






