Danimarka xüsusi xidmətləri Rusiyanın müdafiə müəssisələrinə qarşı diversiya hazırladığını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə DPA Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin əks-kəşfiyyat rəhbəri Emil Qreşholmuna istinadən məlumat yayıb.
Qreşholmun sözlərinə görə, Moskva Ukraynaya hərbi yardım göstərən şirkətləri, xüsusilə də müdafiə sənayesi ilə əlaqəli müəssisələri hədəfə alıb.
O bildirib ki, məqsəd Ukraynanın müdafiəsi üçün nəzərdə tutulan konkret tədarükləri dayandırmaq, həmçinin Danimarkanı Ukraynaya dəstəyi davam etdirməkdən və öz müdafiə imkanlarını artırmaqdan çəkindirməkdir.
Əks-kəşfiyyat rəhbəri mümkün ssenarilərdən biri kimi yanğın törədilməsini göstərib.
Onun sözlərinə görə, Rusiya belə hücumların həyata keçirilməsi üçün danimarkalıları da cəlb etməyə çalışır. Bu şəxslərin isə hətta Rusiya üçün işlədiklərini bilməmələri mümkündür.
Qreşholm həmçinin bildirib ki, təhdid Danimarkada Ukraynanın müdafiə məhsullarını istehsal edən müəssisələrə qarşı yönəlib və Rusiya ümumilikdə Danimarkanın müdafiə sənayesinə maraq göstərir.
Xuraman Etibarlı
İnterpress.az






