ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, İran Rusiya və Belarusda PUA istehsalı üçün zavodlar tikməyə hazırlaşır. Qeyd olunub ki, iyulun 31-də Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb, kamikadze pilotsuz təyyarələr zavodunun yaradılmasını müzakirə edib.
Daha əvvəl də bu barədə məlumat yayılmışdı.
Prinsip etibari ilə İranın həm Rusiyada, həm də Belarusda PUA zavodu inşa etməsi mümkündür.
Məlum olduğu kimi, xeyli vaxtdır ki, İran Rusiyaya “Shahed”lər göndərir və bu PUA-lar döyüş meydanında ciddi fəaliyyət göstərir. Ukraynaya gündəlik hücumların böyük hissəsi məhz “Shahed”lər vasitəsilə həyata keçirilir. Bu, onu deməyə əsas verir ki, sözügedən texnikalar Rusiya üçün çox əhəmiyyətlidir.
Sözsüz ki, Rusiya “Shahed”lərin tədarükünün artmasında maraqlıdır. Amma bu, Qərb dövlətlərinin İrana təzyiqlərinin artması deməkdir.
Gələcəkdə həm Belarusda, həm də Rusiyada belə bir zavodun tikilməsi mümkündür. Rəsmi Moskva və Tehran düşünə bilər ki, Ukraynada Türkiyənin PUA zavodu tikilirsə, Rusiyada niyə belə bir addım atılmasın?
Hərçənd şübhəsiz ki, “Shahed” zavodlarının tikilməsi mövcud gərginliyi və qütbləşməni daha da artıracaq. Bu, hər üç dövlət üçün riskli qərardır.
Belarus və Rusiyada “Shahed” zavodunun tikintisi yaxın aylarda müharibənin gedişinə təsir etməyəcək. Ən azından ona görə ki, zavodun tikintisi xeyli vaxt alacaq. Zavod tikiləndən sonra isə dünya dövlətləri daha radikal addımlar atmalı olacaq.
Proseslər onu deməyə əsas verir ki, yaxın vaxtlarda sülh gözlənilmir. Əksinə, üçüncü dünya müharibəsinin elan edilməsi və nüvə savaşının başlanması ehtimalı getdikcə artır.
Kənan Novruzov
İnterpress.az