Ukraynada Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr edilmiş “Altı Milyon Ürək” adlı tədbir keçirilib.
İnterpress.az xəbər verir ki, Ukrayna Yəhudi Forumunun təsisçisi Roksana Qamarnikin təşkil etdiyi Ümumukrayna tədbiri onlayn formatda baş tutub.
Holokost faciəsi qurbanlarının xatirəsi rəsmi şəxslər, o cümlədən Ukraynanın dövlət rəsmiləri, dini və ictimai liderlər, eləcə də diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən yad edilib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev də iştirak edib və o, zorakılığın istənilən təzahürlərinə, o cümlədən etnik və irqi ayrı-seçkiliyə, soyqırımı və terrora qarşı mübarizənin vacibliyini vurğulayıb.
Səfir Azərbaycan xalqının da hərbi təcavüz və Xocalı soyqırımı kimi Holokost soyqırımı ilə müqayisə oluna bilən cinayətlə üzləşdiyini xatırladıb: “Holokostdan sağ çıxanlara hörmət edirik. Əsrlər boyu Azərbaycan öz maddi və mənəvi mədəniyyətini, dinini, dilini, mentalitetini qoruyub saxlayan minlərlə yəhudinin vətəni olub. Təəssüf ki, Azərbaycan xalqı, o cümlədən yəhudilər və digər azlıqlar oxşar hərbi təcavüz cinayətləri ilə üzləşiblər. Qanlı terror, kütləvi zorakılıq və görünməmiş miqyaslı faciə beynəlxalq ictimaiyyətin gözü önündə bir gecədə 613 nəfərin, o cümlədən uşaq, qadın və qocanın ölümü ilə nəticələnib”.
Tədbirdə Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev də iştirak edib.
O qeyd edib ki, bu cür tədbirlər bəşər tarixində baş vermiş faciəli hadisələri unutmamağa kömək etməklə yanaşı, həm də mövcud çağırışlara və çətinliklərə sinə gərmək üçün birləşmək imkanı verir: “Hesab edirik ki, XX əsrdə baş vermiş dəhşətli cinayətlər təkrarlanmamalıdır”.