Alimlər soyuducu üzərinə yapışdırılan maqnitlərin texnikaya zərər vurması barədə mifləri təkzib ediblər.
İnterpress.аz xəbər verir ki, bu barədə “Geekweek” portalı məlumat yayıb.
Soyuducu qapısı üzərində dekorativ maqnit kolleksiyası toplamağı sevənlər artıq rahat ola bilərlər.
Tədqiqatçı alimlər maqnit sahəsinin soyuducunun ümumi fəaliyyətinə mənfi təsir göstərməsi, daxili sensorları pozması və elektrik enerjisi xərclərini artırması barədə geniş yayılmış populyar miflərə son qoyublar.
Aparılan elmi araşdırmalar göstərir ki, adi suvenir maqnitlərin yaratdığı maqnit sahəsi daxili elektronika və idarəetmə sensorlarının fəaliyyətinə hər hansı maneə törətmək üçün həddindən artıq zəifdir. Bu səbəbdən həmin bəzək əşyalarının soyuducuları sıradan çıxarması və ya onların işini ləngitməsi barədə qorxular tamamilə əsassızdır.
Mütəxəssislərin fikrincə, yeganə real problem yalnız həddindən artıq böyük və ağır maqnitlərdən istifadə etdikdə yarana bilər.
Çoxsaylı ağır maqnitlər soyuducunun qapısını ağırlaşdıra və onun petlələrinin (bərkidicilərinin) vaxtından əvvəl aşınmasına gətirib çıxara bilər.
Lakin bir neçə və ya onlarla yüngül suvenir maqnitinin istifadəsi soyuducu üçün heç bir texniki risk daşımır.
Xuraman Etibarlı
İnterpress.аz






