Rusiya-Ukrayna müharibəsi hazırda yüksək intensivliklə davam edir və Rusiya tərəfi əsas olaraq Ukraynanın hərbi-enerji infrastrukturunu, həmçinin strateji nəqliyyat obyektlərini hədəfə alır.
Münaqişənin diplomatik yollarla həlli istiqamətində danışıqlar prosesi davam etsə də, nəticə hələ ki, əldə edilməyib. ABŞ-də Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl seçkiqabağı kampaniyasında münaqişəni 24 saat ərzində dayandıracağına dair bəyanatlar səsləndirmişdi. Lakin praktiki müstəvidə bu proqnoz özünü doğrultmadı. Bununla belə, Tramp administrasiyası atəşkəsin təmin edilməsi və tərəflər arasında siyasi dialoqun bərpası üçün müəyyən təşəbbüslər irəli sürdü.
Ukrayna hazırda müharibənin ən ağır mərhələsini yaşayır və ciddi siyasi, hərbi və iqtisadi təzyiqlərlə üz-üzədir. Prezident Volodimir Zelenskinin sözləri ilə desək, ölkə “ya ləyaqətini, ya da əsas strateji tərəfdaşını itirmək” kimi kritik seçim qarşısındadır. Zelenski milli birliyə çağırır, dövlət maraqlarının prioritetliyini vurğulayır və sülhün tərəfdarı olduğunu bildirir.
Vaşinqton Administrasiyası münaqişəyə son qoymaq məqsədilə 28 bəndlik ABŞ planını təqdim etmiş və bu sənədin 27 noyabr tarixinədək Ukrayna tərəfindən qəbul edilməsinə çalışmışdır. ABŞ tərəfi planın tərəflər arasında birbaşa dialoq və qarşılıqlı məsləhətləşmələr əsasında qəbul olunmasını vacib hesab edir.
Lakin planın mahiyyəti faktiki olaraq Ukraynanın kapitulyasiyası kimi qiymətləndirilir. Digər sözlə, sənəd Rusiyanın əvvəlki tələblərinin yazılı şəkildə rəsmiləşdirilməsi təsiri bağışlayır.
Moskva və Vaşinqtonun birgə hazırladığı planın əsas müddəaları aşağıdakılardır:
Ukraynanın suverenliyi təsdiqlənəcək.
Rusiya, Ukrayna və Avropa arasında qarşılıqlı hücum etməmək barədə müqavilə imzalanacaq və bununla da son 30 ildə mövcud olmuş strateji qeyri-müəyyənlik aradan qaldırılmış hesab ediləcək;
Rusiya qonşu dövlətlərə hərbi müdaxilə etməməyə, NATO isə genişlənməni dayandırmağa və Ukrayna ərazisində qoşun yerləşdirməməyə razılıq verəcək;
ABŞ-nin vasitəçiliyi ilə Rusiya və NATO arasında qlobal təhlükəsizlik, gələcək əməkdaşlıq və iqtisadi inkişaf imkanlarının genişləndirilməsi məqsədilə dialoq aparılacaq;
Ukraynanın təhlükəsizliyinə zəmanət veriləcək, Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq və digər öhdəliklər müəyyən ediləcək.
Beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən bu sülh planı Ukrayna tərəfindən qəbuledilməmişdir.
Təkcə Ukrayna deyil, bir çox Avropa dövlətləri də planın əleyhinədir. Çünki onların müharibə ilə bağlı 2 əsas məqsədləri vardır: Rusiyanın zəiflədilməsi və Ukraynaya davamlı dəstəyin göstərilməsi.
Dərya Abdullayeva,
Politoloq






