Portuqaliyada azyaşlı uşaqlarını tərk edən qadın ölkənin ən sərt qadın həbsxanasına göndərilib.
İnterpress.az xəbər verir ki, bu barədə portuqaliyalı hüquq-mühafizə orqanları məlumat yayıb.
Portuqaliyada iki azyaşlı oğlunu kimsəsiz yerdə tərk etməkdə şübhəli bilinən 41 yaşlı Marin R. həbs edilib.
O, Lissabon yaxınlığındakı “Tireş” qadın həbsxanasının istintaq təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, bu müəssisə Portuqaliyada ağır cinayətlər, məhbus ölümləri və əməkdaşlara hücumlar kimi səs-küylü qalmaqalları ilə tanınır.
İstintaqın versiyasına görə, qadın və onun ortağı 3 yaşlı Zaxari və 5 yaşlı Bartelemini gözləri bağlı vəziyyətdə, kimsəsiz kənd ərazisində qoyaraq oradan uzaqlaşıblar.
Onların yanında cəmi bir qədər meyvə və bir şüşə su olub. Uşaqları sonradan yoldan keçən bir çörəkçi baxımsız dayanacaqda taparaq polisə məlumat verib.
Hadisədən iki gün sonra cütlük hadisə yerindən təxminən 200 kilometr aralıda, Fatima şəhərində saxlanılıb.
Hazırda uşaqlar himayədar ailədə təhlükəsiz şəraitdə yaşayırlar, ana isə məhkəmənin növbəti qərarını həbsxanada gözləyir.
İşin təfərrüatları ilə bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir, şübhəlilərin bu addımı hansı motivlə atdıqları müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






