“Məktəb də evimdir!” – valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı” layihəsinin açılışı olub və valideyn təşəbbüsləri təşkil edilib.
İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” – valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı layihəsinin açılışı olub.
Keçirilən açılış mərasimdə layihə rəhbəri, ekspert, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak edib.
Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi məktəbin ibtidai siniflərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial durumun yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olmaqdır.
Layihəsinin çərçivəsində valideyn təşəbbüsləri də təşkil edilib. Belə ki, ibtidai sinifdə təhsil alan şagirdlərlə valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkmiş və məktəb koridorunun bəzədilməsi məqsədilə divara şəkillər çəkiblər.
Qeyd olunub ki, layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandasının formalaşdırılıb, valideynlər tərəfindən ibtidai siniflərdə təşəbbüs ideyaları həyata keçirilib. Növbəti mərhələdə “Məktəb də evimdir!” təlim proqramında iştirak ilə bağlı valideynlərin seçimi aparılacaq və “Məktəb də evimdir!” təlim proqramı təşkil olunacaq.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinun elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və 1 sentyabr-30 oktyabr tarixlərini əhatə edəcək.