“Vikipediyada Qərbi Azərbaycan həqiqətləri və reallıqları” layihəsi çərçivəsində Vikipediya təlimləri təşkil edilib.
Bu barədə İnterpress.az-a “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin 24 qalibindən biri olan “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” ictimai birliyi 29-30 sentyabr tarixlərində “Vikipediyada Qərbi Azərbaycan həqiqətləri və reallıqları” layihəsi çərçivəsində Bakı şəhərində Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 25 əməkdaşı üçün Vikipediya təlimləri təşkil etmişdir. Təlimlərin əsas məqsədi elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.
Təlimdə iştirakçılara Vikipediya onlayn ensiklopediyası və Azərbaycandilli Vikipediya barədə ümumi məlumatlar, habelə informasiyanın geniş kütlələrə çatdırılmasında Vikipediyanın rolu barədə məlumat verilmişdir.
Layihənin əsas məqsədi ermənilər tərəfindən Qərbi Azərbaycanın məhv edilmiş tarixi abidələri, qəbiristanlıqları, kəndləri, adı dəyişdirilmiş toponimləri, tanınmış şəxsləri barədə Vikipediya vasitəsilə bütün dünyaya sistemli şəkildə məlumat çatdırmaqdır.
3 ay müddətində icra olunan layihədə Qərbi Azərbaycan ilə bağlı Vikipediyanın 9 dil bölməsində (Azərbaycan, ingilis, rus, fransız, fars, ərəb, ispan, erməni, gürcü) 100-dən çox məqalə yerləşdirilmiş və ya genişləndirilmişdir. Bununla yanaşı, 50-dan çox şəkil Vikipediyanın şəkil anbarı olan Vikianbara (Wikimedia Commons) yüklənmiş və müxtəlif Vikipediya layihələrində istifadə edilmişdir. Vikipediyada və Vikiverilənlər (Wikidata) layihəsində Qərbi Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar redaktə edilərək aradan qaldırılmış və Qərbi Azərbaycandakı yaşayış məntəqələri barədə detallı məlumatlar, məlumatların etibarlılığı və dəqiqliyi artırılmışdır.
Təlimlərin sonunda iştirakçılara “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” ictimai birliyinin sədri Saleh Bağırov tərəfindən sertifikat təqdim edilmişdir.