Arzu Oqtay: Diaspor təşkilatlarımızın xaricdə ildə bir dəfə anım günlərində aksiya keçirməsi yerli sakinləri maraqlandırmır
Bu gün xaricdə yaşayan azərbaycanlılar ayrı-ayrı təşkilatlarda birləşiblər. Son zamanlar isə bu cür təşkilatlar bir ad altında fəaliyyətə üstünlük verirlər. Belə qurumlardan biri djə 14 ildir fəaliyyətdə olan Avropa Azərbaycanlıları Konqresidir (AAK).
AAK-ın təsis konfransı 2004-cü il aprelin 17-də Berlin şəhərində keçirilib. Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransında dünyanın 28 ölkəsindən 50-dən artıq diaspor təşkilatlarından 264 nümayəndə qatılıb. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin, Almaniya Bundestaqının üzvləri, eyni zamanda Azərbaycan Respublikasının nümayəndə heyəti iştirk ediblər. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunub. Təsis konfransında Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsi qəbul edilib və qurumun rəhbər orqanları seçilib. Kifayət qədər səmərəli müzakirələr şəraitində keçmiş təsis konfransının sonunda 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalanmış və tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.
Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı 2007-ci il martın 10-da Bakıda keçirilib. Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak edib. Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə əməkdaşlıq imkanları və digər məsələlər də diqqət mərkəzində olub. Qurultayın Qətnaməsinə uyğun olaraq 2007-ci ilin mayında Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramı hazırlanıb və 2007-ci ilin iyulunda İcraiyyə Komitəsinin Berlində keçirilən iclasında təsdiq edilib. Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilib. Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunub. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirilib.
AAK-ın III Qurultayı 2009-cu ilin aprelində keçirilib. Qurultayda Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar iştirak edib. Tədbirdə AAK-ın II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı sədrin hesabat məruzəsi dinlənilmiş, təşkilatın bundan sonrakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, müxtəlif ideya və təkliflər irəli sürülüb. Toplantıda Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, icmaların fəaliyyətinin koordinasiya edilməsi, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qərarlar qəbul edilib.
AAK-ın IV qurultayı 29 aprel 2012-ci ildə Almaniyanın paytaxtı Berlində, ötən il fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində V qurultayı, bu ilin fevralında isə VI qurultayı keçirilib. AAK-ın prezidenti Benilüks Azərbaycanlıları Konkresinin sədri Sahil Qasımovdur.
Ümumiyyətlə, fəaliyyətdə olduğu 14 il ərzində AAK hansı işləri görüb, bundan sonra görüləcək işlər hansılardır? \”Ekspress\”in bu və başqa suallarını Avropa Azərbaycanlıları Konqresinin baş katibi, Finlandiya Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtay cavablandırır.
– Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?
– Bildiyimiz kimi, 90-cı illərin əvvəllərindən Ulu öndər Heydər Əliyevin əməyinin nəticəsi olaraq Azərbaycan diasporunun təşəkkülü, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına təkan verdi, ürəyində vətənəninə, torpağına, millətinə sevgisi olan 50 milyon azərbaycanlının bir araya gəlməsinə səbəb oldu.
Bununla da Avropada yaşayan azərbaycanlılar əgər əvvəllər yaşadıqları ölkələrdə kiçik təşkilatlar halında ildə bir dəfə toplaşmaqla fəaliyyət göstərirdilərsə, illər keçdikcə formalaşan Azərbaycan diaspor təşkilatları Azərbaycanın tanıdılması üçün Avropa qitəsində böyük nüfuz amalik olan Avropa Azərbaycanlıları Konqresi ətrafında sıx birləşərək diaspor fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan Azərbaycan diasporu dünyanın inkişaf etmiş diasporları sırasındadır.
– AAK-ın yaranması hansı zərurətdən doğdu?
– Avropa Azərbaycanlıları Konqresi Avropada 50-dən çox ölkədən yüzlərlə Azərbaycan təşkilatlarını özündə birləşdirən güclü beynəlxalq təşkilatdır. AAK Azərbaycan prezidentinin verdiyi tövsiyələrə uyğun olaraq artıq təşkilatlanmadan lobbiçiliyə doğru irəliləməyə, müdafiədən hücuma keçməyə start götürüb.
Yuxarıda da qeyd etdiyim kimi, əvvəllər Azərbaycan diaspor təskilatları yalnız öz yaşadıqları ölkələrdə fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq zəif idi. Buna görə də 2004-ildə Almanyanın Berlin şəhərində Avropada fəaliyyət göstərən diaspor təşkillatlarını bir araya gətirmək, diasporlar təşkilatları arasında əlaqəni gücləndirmək, əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə Avropa Azərbaycanlıları Konqresi təsis olundu.
Beləliklə, 14 il ərzində Avropa Azərbaycanlıları Konqresinə 50 ölkədən 130 diaspor təşkilatı üzv oldu. AAK bu illər ərzində 6 qurultay keçirərək işini daha təkminləşdirib.
Hər qurultay ərəfəsində üzv təşkilatlarının sayınını artıraraq yeni prezident və idarə heyəti ilə növbəti qurltayadək işini davam etdirir. 2017-ci il martından isə AAK-ın yeni seçilmiş prezidenti və idarə heyəti sayəsində AAK ictimai-siyasi fəallığı sürətlə artmağa başladı. Belə ki, ötən ilin noyabrında Brüsseldə AAK-ın evsahibliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirdiyimiz \”Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər\” adlı beynəlxalq forum mühüm əhəmiyyət kəsb edib.
AAK-ın keçən ilin yanvarında Lüksemburq Deputatlar Palatasında, ötən ilin sentyabrında Ukrayna Ali Radasında, Avropa Parlamentində müxtəlif Avropa ölkələrinin deputat qrupları ilə keçirdiyi görüşlər və müzakirələr, bu ilin fevralında Finlandiya parlamentində və Xarici İşlər Nazirliyində, mayda Varşavada, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda, ATƏT DTİHB-nin İnsan haqları departamentinin rəhbəri Ömər Fişer, Demokratikləşmə departamentinin rəhbəri Martin Valetski və qurumun seçki üzrə məruzəçisi Radivoje Grujiçlə, o cümlədən cari ilin iyun ayında Barselonada İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi polkovnik Luis Qastuera Novella, Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova və Kataloniya Muxtariyyatının Baş prokuroru Fransisko Baneres Santoslva görüşlər keçirib.
27.02.2018-ci ildə Amsterdamda keçirilən VI növbədənkənar qurultayında isə AAK-ın fəaliyyətinin daha da genişləndirilməsi məqsədiilə Avropa Azərbaycanlıları Konqresinin nizamnaməsinə bir neçə əlavələr edilərək dəyişikliklər olundu. Bu dəyişikliklərə əsasında AAK-ın idarə heyətinə daha çox səlahyyətlər verildi. Bu səlahiyyətlərlə idarə heyəti AAK-a üzv olmaq istəyən təşkilatları üzvülüyə qəbul etmək və ya Konqresin adına ləkə gətirən hərəkətlərə yol verildikdə hər hansı bir təşkilat və ya şəxsin üzvlüyünə xitam verilmək hüququ əldə edib.
– Təşkilatınızın digər diaspor qurumları ilə əlaqələr hansı səviyyədədir?
– AAK-ın ətrafında sadəcə Avropada fəaliyyət göstərən təşkilatlar deyil, həmçinin iş adamları, Avropada olan tanınmış siyasətçilər, elm və mədəniyyət xadimləri, tanınmış idmançılar və gənclər birləşib.
– Diaspor Komitəsi ilə işinizi necə qurursunuz?
– Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 2002-ci ilin 5 iyul tarixində \”Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında\” fərmana əsasən 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. AAK fəaliyyətinə başladığı ilk gündən Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir və bundan sonra da əməkdaşlıq edəcək.
– Xaricdən Azərbaycan necə görünür?
– Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi və iqtisadi islahatları nəticəsində Azərbaycan çox güclü bir ölkə, regional dövlət kimi xaricdə tanınır. Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Xaricdə yaşayan hər bir azərbaycanlı da bununla öz ölkəsi ilə fəxr edir.
– Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün diaspor təşkilatları nə etməlidir? Bu sahədə atılan addımlar sizi qane edirmi?
– Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yaşadıqları ölkələrdə Qarabağ həqiqətlərini ildə bir dəfə olmaqla anım günü qeyd etmələri və ya nümayiş şəklində küçələrə çıxmaları yerli sakinləri maraqlandırmır, hətta qıcıqlandırır desəm, yanılmaram. Fikrimcə, Qarabağ həqiqətlərini poeziya, mədəniyyət, musiqi dili ilə təbliğ etmək lazımdır. Axı, Qarabağımızın qədim və zəngin tarixi, mədəniyyətı, musiqisi, mətbəxi var. Qarabağla bağlı poeziya gecələri, mədəniyyət günləri, musiqi gecələri təşkil etməklə Qarabağ həqiqətlərini daha yaxşı təbliğ etmək olar. Necə ki, Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə bu ilin fevralında Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirildi.
Amsterdam şəhərinin \”De RodeHoed\” Mərkəzində simfonik orkestr Azərbaycan Respublikasının dövlət himnini səsləndirməklə rekviyem-konserti açıq elan etdi. Daha sonra Heydər Əliyev Fondunun \”Xocalıyaədalət!\” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirildi. Rekviyem-konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, bəstəkar-pianoçu Abuzər Manafovun \”Xocalıya\” əsəri, Azərbaycan xalq mahnısı \”Sarı gəlin\” və digər musiqilər səsnləndirildi.
Tədbirdə iştirak edən Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyərək, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzuladı.
Rekviyem-konsertdə iştirak edən Hollandiyanın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri Qarabağ həqiqətləri haqqında bu qədər dolğun dəqiq məlumatı musiqi dili ilə ala bildikləri üçün konsertin təşkilatçılarına təşəkkür etdilər.
İnterpress.az