İnterpress.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında deyib ki, İmişli rayonunun Qaradonlu kənd sakini Eynulla Yadulla oğlu Fətullayevin İmişli Rayon Polis Şöbəsində (RPŞ) yol polisi əməkdaşları tərəfindən amansızlıqla döyülməsi barədə yayılmış iddialar həqiqətdən uzaqdır.
O.Mansurzadə hesab edir ki, həmin şəxslə Dövlət Yol Polisi (DYP) əməkdaşları arasında yaranmış mübahisənin mahiyyəti təhrif olunmuş formada təqdim edilib, bu zaman xüsusi aqressivliyi ilə seçilən E.Fətullayevin ictimai rəydə günahsız obrazının yaradılmasına, polisin işgüzar imicinə və nüfuzuna xələl gətirilməsinə cəhd olunub.
DİN sözçüsü deyib: “Həqiqətən də bu il yanvar ayının 6-da saat 11 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Qaradonlu kəndi ərazisindən keçən hissəsində İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinin (DYPB) Yol-Patrul Xidmətinin (YPX) inspektorları – polis baş serjantı Şahin Hüseynov və Elgün Süleymanov xidmət apararkən Qaradonlu kənd sakini Eynulla Fətullayev heç bir səbəb olmadan hər iki əməkdaşı nalayiq sözlərlə təhqir edərək onlara hədə-qorxu gəlib və Şahin Hüseynovun sifət nahiyəsinə yumruqla zərbə vurub.
Məsələnin aydınlaşdırılması məqsədilə İmişli RPŞ-yə gətirilən Eynulla Fətullayev şöbə rəhbərliyinin onu intizama dəvət etmək, sakitləşmək barədə tələblərinə məhəl qoymayıb, burada da xüsusi aqressivliklə öz qanunsuz hərəkətlərini davam etdirərək yumruqlamağı azmış kimi bu dəfə Şahin Hüseynovun əynindəki polis formasını cıraraq yararsız vəziyyətə salıb, özünənəzarəti itirərək yıxılıb, KİV-də yayımlanmış fotolardan göründüyü kimi, sifət nahiyəsindən zədə alıb.
Eynulla Fətullayevin xidməti vəzifəsinin icrası zamanı polis əməkdaşına zor tətbiq etməklə müqavimət göstərməsi ilə bağlı İmişli RPŞ-də araşdırma aparılıb və toplanmış material hüquqi qiymət verilməsi məqsədilə rayon prokurorluğuna göndərilib.
06.01.2015-ci ildə İmişli Rayon Prokurorluğunda CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhə yarandığından və cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edən digər məlumatlar olduğundan Fətullayev Eynulla Yadulla oğlu tutulub, 08.01.2015-ci ildə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək həmin tarixdə CM-in 315.1-ci maddəsi ilə ona ittiham elan edilib və rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq gedir” (virtualaz.org)
İnterpress.az