Müsavat Partiyası Səbayel rayon təşkilatının üzvü Sədaqət Paşayeva partiya üzvlərinə müraciət edərək, Müsavatın sonuncu qurultayından sonra partiyada yaranan anti-demokratik mühitdən narahatlığını bəyan edib: “Sonuncu qurultayda Müsavat Partiyasının başqanlığına namizədlərdən biri olmuş Qubad İbadoğlunun partiya sıralarından çıxarılmasına dair keçirilən müzakirəni partiya üzvlərindən gizli qaydada apararaq, demokratik prinsiplərin pozulması kimi dəyərləndirirəm.
Bu cür qrup maraqlarına uyğun qaydada qərar qəbul etməklə hakimiyyətə gələcəkləri təqdirdə, ölkədə demokratik cəmiyyət quracaqlarına dair öhdəliklərini dərk etmədiklərini bildirirəm. Fəaliyyətimin əsas hissəsini ölkəmizdə demokratik dəyərlərin formalaşmasına və uzun illər insan haqlarının müdafiəsi ilə məşğul olduğum üçün bu cür avtoritar qaydaları prinsiplərimə və məqsədlərimə zidd olduğunu bildirir, Müsavat Partiyasının sıralarından çıxdığımı bəyan edirəm”.
Partiyanın Suraxanı rayon təşkilatının üzvü Elman Vahidov da partiyadan istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, Q. İbadoğlunun partiyadan xaric edilməsindən sonra buna etiraz olaraq, onun tərəfdarları partiyadan kütləvi şəkildə istefa verməyə başlayıb (apa).
İnterpress.az