İraqdakı şiə hərbi mənbələri təsdiq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Qüds Qüvvələrinin komandiri general Qasem Soleimani şəxsən əməliyyata rəhbərlik edir.
Bağdaddan 150 km şimalda yerləşən Tikrit səkkiz aydan çoxdur ki, İD tərəfindən işğal edilib. Şəhərin geri qaytarılması üçün hücum əmri İraq baş naziri Haider al-Abadi tərəfindən bazar günü verilib.
Xalq Səfərbərliyi bölmələri adlanan şiə qoşunları, İraq ordusu və təhlükəsizlik qüvvələri ilə birgə müxtəlif istiqamətlərdən Tikritə daxil olmağa çalışır.
Cəbhədən BBC Farscaya verilən məlumata görə, hələ əməliyyata rəsmi olaraq start verilmədən öncə bir neçə İİKK zabiti prosesə cəlb olunub.
İran rəhbərliyi hələ rəsmi münasibət bildirməsə də, İranın İnqilab Keşikçilərinə yaxın hesab olunan Fars xəbər agentliyi general Soleimani-nin əməliyyatdakı iştirakına geniş yer ayırır.
Mətbuat orqanı hətta generalın İraq komandirləri və rəsmiləri ilə birgə şəklini də dərc edib. İraqlı və şiə hərbçilərin Tikrit şəhərini İslam Dövlətindən (İD) geri almağa çalışdığı bir vaxtda, İranın əməliyyatdakı həlledici rolu daha aydın görünməyə başlayıb.
İnterpress.az