İnterpress.az xəbər verir ki, konsulluğun binasına gələn təxminən 100 nəfər qapı və pəncərələri qıraraq içəridəki qovluq və sənədləri küçəyə töküb. Hadisə ilə bağlı 9 nəfər həbs edilib.
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda əllərində Şərqi Türkistan bayraqları olan qrup aksiyanı 23.00 radələrində keçirib. Aksiyaçılar Koreya Şəhidləri Prospekti, Mithat Məşhur küçəsində olan Tayland Krallığının İstanbuldakı Konsulluğunun önünə gəlib. Qrup Sincan Uyğur Muxtar Vilayətindən qaçaraq Taylanda sığınan təxminən 200 şərqi türkistanlının təkrar Çinə geri verilməsinə etiraz edib.
Bu zaman qrupda olan bir adam konsulluğun girişindəki dirəyə dırmaşaraq Tayland bayrağını endirib. Şüarlar səsləndirən qrup daha sonra konsulluğu daşlayıb.
Konsulluq binasının qapısını qıraraq içəri girməyə müvəffəq olan etirazçılar binada olan sənəd və dosyeləri küçəyə töküb. Aksiyaçılar konsulluğa aid kondisioner və digər əşyaları yaba və daşlarla zədələyib.
Binanın qarşısında dayanan etirazçılar namaz qılıb, dua oxuyub. Küçəni əhatəyə alan çevik polis alayı duadan sonra qrupdakıları nəzarətə almaq istəyib. Qrupdakıların bəziləri konsulluğu daşladığını etiraf edərək həbs edilmələrini tələb edib. Etirazçılardan 9 nəfəri həbs olunub.
Qrupun digər üzvləri isə çevik polis alayı tərəfindən binadan uzaqlaşdırılıb. Qrupa dəstək vermək üçün baş konsulluq qarşısına gələn uyğur türkü olan bəzi qadınlar isə qrupa yaxın buraxılmayıb.
İnterpress.az