İnterpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 8 dövlətin silahlı qüvvələrindən təşkil olunmuş birlikdən Oman Körfəzinə 240 kilometr məsafədəki İran qayığına atəş açılıb. Yəməndəki Husi döyüşçülərinə hərbi sursat və silah yardımı etdiyi iddia olunan qayıqda 12 iranlı olub. İranın rəsmi mənbələri isə vətəndaşlarını müdafiə edərək, iddiaları rədd edib. İran tərəfinin məlumatna görə, vətəndaşlar balıq tutmaq üçün körfəzə çıxıb.
Daha əvvəl də İrana məxsus xəbər agentlikləri Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin keçən həftə Yəməndə 131 adamın öldüyü husilərin toy mərasiminə hava hücumu həyata keçirdiyini iddia etmişdi. Səudiyyə rəsmiləri isə sözügedən xəbərin yalan olduğunu, toyun olduğu bölgəyə son dövrdə heç bir əməliyyat təşkil olunmadığını bildirmişdi.
Koalisiya güclərinin sözçüsü general Əhməd Asiri Yəməndə şiə vətəndaşlara qarşı hücumla bağlı xəbərlərin tamamilə əsassız olduğunu ifadə edərək, İranın bu cür xəbərləri beynəlxalq arenada Səudiyyə rəhbərliyini pis vəziyyətdə qoymaq üçün yaydığını vurğulamışdı.
İnterpress.az