257 saylı orta məktəbin həyətində yaşayış binası – Binanın tikintisinə icazəni Rafiq Quliyev verib?backend

257 saylı orta məktəbin həyətində yaşayış binası – Binanın tikintisinə icazəni Rafiq Quliyev verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin həyətində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi ilə bağlı fotoların sosial şəbəkələrdə yayılmasından sonra, məsələ müzakirələrə səbəb olub.

İnterpress.az xəbər verir ki, 257 saylı orta məktəbin həyətində inşa edilən binanın tikintisinə 2021-ci ilin sonunda başlanılıb.

Məlumata görə tikinti prosesini həyata keçirən şirkətin nümayəndələri valideynlərə bu binanın məktəb üçün nəzərdə tutulan yeni tədris korpusu olacağını bildiriblərmiş. Ancaq sonradan həmin tikilinin yaşayış binası olduğu üzə çıxıb.

Valideynlərin sözlərinə görə, məktəbdəki şagird sıxlığı səbəbindən əlavə korpusun inşa ediləcəyi əvvəlcədən elan olunmuşdu və bu səbəbdən də tikinti başlanarkən narazılıq yaranmayıb. Ancaq zaman keçdikcə, məlum olub ki, binanın təyinatı dəyişdirilərək yaşayış sahəsinə çevrilib. Bu vəziyyət isə bir çox valideynin narahatlığına səbəb olub.

Bildirilir ki, hazırda həmin bina artıq bir neçə ildir istifadəyə verilib. Valideynlər məktəbə giriş-çıxış üçün qalan yolun kifayət qədər daraldığını və bu səbəbdən sıxlıq yarandığını da qeyd edirlər.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, məktəbin həyətindəki tikinti işlərinə icazəni Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev tərəfindən verilib.

Qeyd edilir ki, tikinti işləri zamanı icra başçısının köməkçisinin gecələr əraziyə tez-tez baş çəkməsi bu iddianı daha da gücləndirir.

Xətai rayon 257 saylı orta məktəbin həyətində inşa edilən yaşayış binası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında hər hansı açıq məlumata rast gəlinmir. Bu isə o anlama gəlir ki, bina qanunsuz olaraq inşa edilib.

İddialara əsasən, tikinti başa çatdıqdan sonra sənədlər komitəyə təqdim edilib. Lakin binanın məktəb həyətində yerləşməsi səbəbindən Komitə bu tikilini qanunsuz hesab edib və sənədlərin rəsmiləşdirilməsindən imtina edib.
Digər bir məlumata görə, binanı tikən sahibkar Xətai rayin icra başçısı Rafiq Quliyevə yaxın olan şəxsdir.

 

İnterpress.az