“Avro-4” standartının tətbiqinə baxmayaraq azərbaycanlı alıcıların avtomobil almaq üçün yenə də ən çox üz tutduğu yer Gürcüstan bazarıdır.
ANS TV-nin məlumatına görə, proqnozlaşdırılan bahalaşmaya bir neçə səbəb göstərilir ki, bunlardan başlıcası sağ sükanlı avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağadır.
Belə maşınların Gürcüstanda alıcısı isə kifayət qədərdir. Bu il ərzində Yaponiyadan daxil olan sağ sükanlı ucuz avtomobillərin sayı ümumi avtomobil idxalında 50%-lik yer tutub.
“Sükanı sağda olan və ya sonradan sol tərəfə keçirilən avtomobillər ən ucuz nəqliyyat vasitələridir. Ölkənin avtomobil bazarında özünə yetərincə alıcı toplaya bilib. Sağ sükanlı avtomobillərin bazardan yığışdırılması, sol sükanlı nəqliyyat vasitələrinin qiymətini azaltmayacaq, əksinə onların dəyəri artacaq ki, bu da bahalaşmanı qaçılmaz edəcək”, – deyə Gürcüstan Yol Nəqliyyat Assosiasiyasının rəhbəri Davit Mesxişvili bildirib.
Bahalaşmaya digər səbəb isə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən, ölkəyə gətirilən istismar müddəti 6 ili keçmiş avtomobillər üçün gömrük rüsumunun artırılması məsələsidir.
Bəzi ekspertlərin fikirincə, avtomobil bazarının yenilənməsi isə alıcıların sayının çoxalmasına səbəb ola bilər. Bu ilin ilk 10 ayı ərzində ölkədən avtomobil ixracı 3 dəfə azalıb.
2014-cü ildə avtomobil satışı ümumi iqtisadiyyatın 19%-ni təşkil etdiyi halda cari ildə bu faiz 8-ə enib.
Əsas alıcı qüvvəsi hesab edilən azərbaycanlıların isə bu il qonşu ölkənin maşın bazarında xərclədiyi pul 2014-cü illə müqayisədə 4 dəfə azalaraq 58 milyon dollar təşkil edib.
Interpress.az