Elmira Axundova sirkdəki vəziyyəti tənqid etdibackend

Elmira Axundova sirkdəki vəziyyəti tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, müzakirələr zamanı deputat Elmira Axundova çıxış edib. Onun çıxışlarını təqdim edirik:

Məsələ 7. Ticarət Gəmiçiliyi Məcəlləsinə edilən dəyişikliklər barədə

Hörmətli sədr, Hörmətli millət vəkilləri,
Ticarət əlaqələrimiz quru və hava yolu ilə həyata keçirildiyi kimi, dəniz vasitəsilə də uğurla davam etdirilməkdədir. Bu sahədə İpək yolunun dirçəlməsi ideyasının təşəbbüskarlarından olan dahi Heydər Əliyevi daima minnətdarlıqla xatırlayırıq.

Yeri gəlmişkən ümummilli lider 20 il əvvəl özünün ilk rəsmi səfərlərindən birini məhz Çinə etmişdi. Vaxtilə hətta bu səfəri təəccüblə qarşılayanlar da var idi, yəni bizim uzaq Çində nə marağımız ola bilər? Amma bunun ardınca 1998-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda 34 dövlətin iştirakı ilə İpək Yolunun bərpası haqqında bəyannamə qəbul ediləndə hamı Heydər Əliyevin uzaqgörənliyinə bir daha valeh oldular.

Bu yaxında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çinə uğurlu səfəri iki ölkə arasında yeni səhifə açmış və əldə edilmiş razılaşmalar əsasında Azərbaycan qısa bir zamanda Asiya-Avropa məkanında ən mühüm tranzit ölkəyə çevriləcəkdir. Ona görə dünyada gedən iqtisadi və siyasi proseslər fonunda Azərbaycan limanları vasitəsilə yükdaşımalarının həcminin kəskin artmasının perspektivini nəzərə alaraq hesab edirəm ki, həm 2001-ci ildə qəbul edilən Ticarət Gəmiçiliyi Məcəlləsində, həm də bu yaxınlarda tərəfimizdən qəbul edilən “Dəniz limanları” haqqında Qanunda bir sıra mühüm dəyişikliklər edilməli, bu və ya digər maddələr müasir şəraitə və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Yəqin ki, bu istiqamətdə iş davam etdiriləcək.

Ona görəbu gün təklif edilən dəyişiklikləri alqışlayıram, xüsusilə 89-cu maddənin yenidən işlənməsini və onun “Dəniz limanları” haqqında qanunun 6-cı maddəsinə uyğunlaşdırılmasını mühüm addım hesab edirəm. Yeri gəlmişkən “Dəniz limanları” haqqında qanunun müzakirəsi zamanı biz bu maddə ilə bağlı bir sıra təkliflər vermişdik. Lakin 182.3-cü bəndə dair bir sualım var. Burada qeyd olunur ki, “gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir. Mənə maraqlı olan odur ki, “minimal” sözü BMT-nin həmin konfransında qəbul edilən sənədin adında əks olunan bir anlayışdır, yoxsa biz özümüz üçün müvəqqəti də olsa, belə bir minimal hədd müəyyən edirik? Mən istərdim ki, biz özümüz üçün minimal yox, yüksək standartları hədəf götürək.

Məsələ 24-25. Torpaq Məcəlləsi və İnzibati xətalar Məcəlləsi dəyişiklik Hörmətli sədr, Hörmətli millət vəkilləri,

Xəzər dənizinin altındakı və sahil zolağındakı torpaq sahələrinin istifadəsi ilə bağlı hər hansı məsələ müzakirə olunarkən diqqət hər zaman xüsusilə həmin ərazilərdə tikilən yaşayış evlərinə, onların uzun və hündür hasarlarına, bütün bunların da nəticəsində sahil zolağına girişin məhdudlaşdırılmasına yönəlir.

Əgər xatırlayırsınızsa, bununla bağlı keçən illərdə də xeyli müzakirələr və fikir mübadiləsi də aparılıb. İndi bizə təqdim edilən dəyişikliklərdən görünür ki, bu hasarlar tikilməsinə və istifadəsinə müəyyən məhdudiyyətlər qoyulur və cərimələr xeyli sərtləşdirilir. Belə ki, bütöv daş hasarlar əvəzinə qəfəsli hasar olmalıdır, sahildən dəniz görünməlidir və hər 100 metrdən bir eni 6 metrdən az olmayan keçidlər qoyulmalıdır.

Əlbəttə ki, hamımız istərdik ki, bu hasarlar tamamilə götürülsün, lakin bu dəyişiklik də müəyyən mənada buna keçid mərhələsi ola bilər, biz bunu müsbət qarşılayırıq.

Lakin bu cərimələrlə bağlı vacib sual ortaya çıxır. Abşeron, Qaradağ, Sumqayıt və Ələtin bir çox yerlərində sahilboyunda artıq daş hasarlar tikilib və onlar şəxsi mülkiyyətdir. Belə olan halda bu gün qanuna ediləndəyişikliklərtikilmiş olan daş hasarlara da şamil ediləcəkmi? Yoxsa bundan sonra tikilməsi nəzərdə tutulan sahilboyu hasarlara şamil olunacaq? Yəni bu günə qədər tikilən obyektlərə münasibətdə bu qanun dəyişikliyi necə tətbiq olunacaq? Bu çox vacib sualdır, çünki təkrar edirəm hal-hazırda Xəzər sahilboyunun demək olar ki, əhəmiyyətli hissəsi artıq daş hasarlara alınıb və edilən dəyişiklik ancaq bundan sonra tikilən hasarlara şamil ediləcəksə, bu dəyişikliyin elə də böyük əhəmiyyəti olmayacaq. Diqqətinizə görə minnətdaram!

Məsələ 41. Kənd Kooperasiyası haqqında Qanun Layihəsi Hörmətli sədr, Hörmətli millət vəkilləri,

Əgər yanılmıramsa, hələ 2011-ci ildə Kənd təsərrüfatı kooperasiyası haqqında Qanun Layihəsi ilk dəfə müzakirəyə təqdim olunanda bu qanun layihəsinin əhəmiyyəti, kənd təsərrüfatının inkişafında önəmli rol oynayacağı barədə bütün çıxış edən həmkarlarımız müsbət fikir bildirmiş, qanunun əhəmiyyəti barədə öz dəyərli düşüncələrini bölüşmüşdülər.

Həmin iclasda mən çıxış edərək bildirmişdim ki, belə bir qanunun qəbulunun labüdlüyü ondan irəli gəlir ki, 1996–1998-ci illərin torpaq islahatlarından xeyli vaxt keçir, torpaq bölgüsündə pay alanların, demək olar ki, 3 qrupu formalaşıb. Birinci qrup fərdi təsərrüfatla məşğul olur. Öz torpağında işləyir, pərakəndə satışı həyata keçirir və nəticədə öz ailəsini birtəhər dolandırır. Onlar torpağa həddən artıq bağlı insanlardırlar, işləmək istəyirlər, bunu da bacarırlar. Amma böyük gəlir əldə edə bilməyərək gündəlik tələbatı ödəməklə kifayətlənirlər.

İkinci qrup insanlar daha böyük gəlir əldə etmək üçün orta və iri fermer təsərrüfatları yaradıblar və bunların sayı da kifayət qədərdir. Bunlara dövlət tərəfindən müxtəlif yardımlar edilir, kreditlər, texnika, toxum və sair verilir. Lakin kənd əhalisinin böyük bir hissəsini, mən deyərdim ki, əksəriyyətini təşkil edən üçüncü qrup da var. Həmin insanlar pay torpaqları alsalar da, keçən 10–15 il ərzində bundan istifadə etməmişlər. Onların həm maddi vəziyyəti, həm də səviyyəsi deməyə əsas verir ki, bu insanlarda torpağa qayıdış hələ baş tutmayıb.

Bu gün də hesab edirəm ki, hal-hazırda bizim əsas hədəfimiz bu insanların torpağa qayıdışını təmin etmək olmalıdır. Həmçinin neft sənayesinin tənəzzül yaşadığı bir dövrdə müvafiq qanun layihəsi daha da aktuallıq qazanıb. Hərçənd ki, artıq 2011-ci ildən 4 il keçməsinə baxmayaraq kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində elə də ciddi addımlar atılmayıb. Bu, şəxsən məndə təəssüf hissi doğurur, çünki 4 il əvvəl bu işə start verilsəydi, bu istiqamətdə xeyli irəliləmiş, təcrübə əldə etmiş, kənd təsərrüfatının inkişafına böyük töhfə vermiş olardıq.

Həmçinin xatırladığım qədər Qanunun əvvəlki variantı daha geniş idi, orada əhalisi 50 min nəfərdən çox olan şəhərlərdə topdansatış bazarları, 50 mindən az olan şəhər və rayon mərkəzlərində isə pərakəndə satış bazarları yaradılması göstərilirdi. Bununla yanaşı pərakəndə satış qiyməti topdansatış qiymətinə maksimum 15 faiz əlavə olunmaqla müəyyən olunurdu. Bu maddə ilə belə demək mümkündüsə, alıcıların ucuz və keyfiyyətli daxili məhsulla təmin olunması nəzərdə tutulmuşdu və qiymətlərə nəzarət belə demək mümkündüsə, dövlətin nəzarəti altında həyata keçiriləcəkdi. Ən inkişaf etmiş Avropa ölkələrində belə,dövlət fermerlərə daim maddi dəstək verir və o cümlədən qiymətlərə də ciddi nəzarət edir.

Əvvəlki qanun layihəsi ilə eyni zamanda kooperativ bazarların da yaradılması nəzərdə tutulmuşdu. Burada konkret olaraq bu cür bazarlarının yaradılmasının məqsədi kimi qiymət bahalaşmasının qarşısını almaq göstərilirdi. Həmin qanun layihəsinin son maddələrində bütün bu bazarlarla yanaşı yarmarkaların da təşkil olunması nəzərdə tutulurdu. Burada birmənalı olaraq göstərilir ki, yarmarkalarda yalnız Azərbaycan Respublikasının ərazisində yetişdirilən kənd təsərrüfatı məhsulları satıla bilər və yarmarkalarda ticarət yerləri pulsuz verilir.

Qanunun indi bizə təqdim edilən son variantında ya bu maddələr yoxdu, ya da ümumi qeyd olunur. Ona görə qanun layihəsinin müəlliflərinə sual olunur ki, nə üçün bu cür aktual və mütərəqqi müddəalar qanundan çıxarılıb. Ümumilikdə isə Qanun layihəsi öz-özlüyündə aktualdır, labüddür. Lakin onun genişlənməsinə və dünyada gedən iqtisadi proseslərə uyğunlaşdırılmasına böyük ehtiyac var. Diqqətinizə görə minnətdaram!

Hörmətli sədr, Hörmətli millət vəkilləri,

İlk növbədə xırda görünən, lakin Respublikada bir çox ailələri narahat edən məsələni diqqətinizə çatdırmaq istəyirəm. Söhbət Səməd Vurğun küçəsində yerləşən və 60-cı illərdə inşa edilən Bakı Dövlət Sirkindən gedir. Belə ki, gündən-günə çiçəklənən, müasir görkəm alan Bakımızın ümumi mənzərəsinə bu sirk heç uyğun gəlmir.

Doğma şəhərimizdə bütün teatr binaları demək olar ki, ən müasir səviyyədə bərpa edilib, bir çox mədəniyyət evləri əsaslı təmir olunub, amma nədənsə sirk binası sanki unudulub. Halbuki, deyərdim sirk həm uşaqların, həm də valideynlərin ən sevimli məkanlarından, əyləncə mərkəzlərindən biridir. Mən özüm bunun şəxsən şahidiyəm, belə ki, evim sirk binasının yanında olduğu üçün hər dəfə sirk ustaları bura gələndə nə qədər böyük insan axınının olmasının canlı şahidi oluram, il ərzində bəlkə də yüz minlərlə tamaşaçı sirkin qonağı olur.

Sirk kollektivi təcrübəlidir, işlərini yüksək səviyyədə təşkil etməyi bacarır, dünyanın ən professional kollektivləri Bakıya gətirə bilir. Amma sirk binasının xarici və daxili görünüşü, dam örtüyünün vəziyyəti ürək ağrıdır. Belə ki, bu yaxınlarda nəvəmlə sirkdə olarkən tamaşaçıların üzərinə yağış sularının damcıladığının şahidi oldum, ona görə də onlar bütün tamaşanı ayaq üstə izləməli oldular. Zal həddən artıq soyuq, ayaqyolu bərbad vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, sirkin əsas müştərisi azyaşlılardır və bu vəziyyət onlar üçün böyük problem və sıxıntı yaradır.

Hər kəsin mədəni və mənəvi istirahətə önəm verdiyi, ölkəmizə turist axınının olduğu bir zamanda ölkəmizdə yeganə olan bu sirk binasının belə acınacaqlı vəziyyətdə olması çoxsaylı valideyn ordusunu bərk narahat edir. Buna görə mən aidiyyəti qurumlar, ilk növbədə Maliyyə Naziri cənab Samir Şərifovqarşısında məsələ qaldıraraq sirk binasının əsaslı təmiri üçün gələn il maliyyə vəsaitininayrılmasını xahiş edirəm.

İnterpress.az