“Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz”backend

“Rusiya 7 rayonun azad olunması qərarını təkbaşına verə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədə yaranan yeni münaqişələr, qonşu dövlətlər arasındakı gərgin münasibətlər, hətta müharibə riskləri Qarabağ məsələsini arxa plana keçirməkdədir. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a durumla bağlı müsahibə verib. Qarabağ probleminin həllinin dalana dirəndiyi indiki situasiyanın təhlili ilə bağlı olan söhbətimizi sizə təqdim edirik.

– Toğrul bəy, Aydın Universitetinin professoru Abdulhaluk Çay deyib ki, Qarabağın erməni işğalı altında olduğunu türk dövlətləri arasında təkcə Azərbaycanla Türkiyə bilir, o biri Asiya ölkələrinin bundan xəbəri yoxdur. Siz bu fikirlərlə razısınızmı və ümumiyyətlə, digər türk dövlətlərinin Qarabağ məsələsinə laqeyd münasibətinin səbəbi nədir?

– Hocamız nə deyibsə, özü bilər. Amma mən inanmıram ki, həm MDB-dəki dövlətlər, həm TürkPA, həm də ikitərəfli münasibətlər qurduğumuz digər türk dövlətləri Qarabağ problemindən xəbərsizdir. Ən azından ordakı siyasi elita, mütəxəssislər məsələni çox yaxşı bilir. Burada bir məsələni söyləmək lazımdır ki, düzdür, türk birliyi istiqamətində işlər aparılır. Lakin hələ bu yolda çox ciddi addımlar atılmalıdır. Yəni Qırğızıstan prezidentinin qondarma “soyqırım” abidəsi önünə çələng qoyması məsələsi əsas etibarilə oradakı siyasi elitlərin milli məsələlərə çox həssas davranmadığını göstərir. Tutaq ki, Akayev bilmirdi “soyqırım”nədir, bəs axı, Almazbek Atambayev Türkiyədən olan heyətlərlə görüşür, ondan sonra qayıdıb deyir ki, “Türkiyə düz etmədi, Rusiyadan üzr istəməlidir”. Bunu demək lazımdır ki, bu cümhuriyyətlərindəki siyasi liderlər əfsuslar olsun ki, öz bəyanatlarında və çıxışlarında beynəlxalq hüquqa istinad etmir, sadəcə, gündəlik maraqlardan çıxış edirlər. Bəli, Qırğızıstan xalqının Rusiyaya qarşı çıxması imkansızdır. Eyni zamanda o, Türkiyə ilə münasibətləri pozmaz. Amma bir daha təkrar edirəm, məsələ heç də həmin ölkələrdəki siyasilərin real vəziyyətdən xəbərsiz olması ilə bağlı deyil. Bu, bölgədəki konyukturadan qaynaqlanır. Hələ ki bölgədə Rusiya güclü dövlətdir. Ona görə də bir çox müstəqil dövlətlər toplumuna aid olan ölkələr də bunu göz önünə alaraq mövqe bildirirlər. Ermənistana yanaşmaya da bu çərçivədən baxırlar. Çünki Ermənistan bölgədə açıq şəkildə, Lavrov demişkən, Rusiyanın forpostudur.

– Türkiyənin mövqeyi məlumdur. Digər türk dövlətlərinin Qarabağ məsələsinə yanaşmada Azərbaycanın yanında olması məsələnin ədalətli sözümü üçün nə dərəcədə faydalı olardı?

– Məncə, bu dövlətlərin Azərbaycanın yanında olması müsbət hal olardı. Nə qədər çox dövlət Azərbaycanın mövqeyini müdafiə etsə, bunun yalnız faydası var. Amma Qarabağ məsələsinin həlli türk dövlətlərindən daha çox digər dövlətlərin müstəvisinə çıxıb. Zatən, Türkiyə təkbaşına bu məsələdə yetərincə dəstək verir və böyük gücdür. Amma buna baxmayaraq, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan arasındakı lokal münaqişədən çıxıb, beynəlxalq güclərin oyun meydanına çevrilib. Ona görə də BMT-nin qəbul etdiyi qərarlara, daha ciddi məsələlərə baxmayaraq, Qarabağ məsələsində hələ də irəliləyiş yoxdur. Geosiyasi vəziyyət dəyişməsə, Rusiya bölgə maraqlarını dəyişdirməsə, yaxud Amerikanın bölgədəki maraqları fərqli şəkildə inkişaf etməsə, Qarabağ məsələsinin həllində hər hansı dəyişiklikdən danışmaq mümkün deyil.

– Qarabağ savaşının yenidən alovlana biləcəyi ilə bağlı ekspert rəyləri səslənir. Türkiyə-Rusiya, həmçinin Səudiyyə-İran gərginliyi kontekstində Qarabağda böyük müharibə ehtimalı nə qədərdir?

– Qarabağda daimi sülh olmadıqca biz hər zaman silahlı qarşıdurmadan danışa bilərik. Yəni bu, heç bir zaman istisna deyil. Burda sadaladığınız faktorlar da önəmlidir. Amma mən zənn etmirəm ki, Türkiyə-Rusiya, həmçinin Səudiyyə-İran qarşıdurması Qarabağ münaqişəsinin alovlanmasına səbəb ola bilər. Çünki Qarabağ problemi bu ölkələrin deyil, daha böyük qüvvələrin, yəni bir tərəfdən Amerika-Avropa Birliyi, o biri tərəfdən Rusiya kimi güclərin balanslı oyununa ağırlıq verən bir problemdir. Amma yenə deyirəm, daimi sülh olmadığı üçün hər zaman Qarabağ cəbhəsində böyük qarşıdurmalardan danışmaq olar.

– Amma fakt budur ki, Rusiya bölgədəki gərginlikləri əsas götürərək Ermənistandakı hərbi gücünü artırır…

– Rusiya bölgədə ən böyük oyunçu olduğu üçün Rusiyanın maraqları doğrulsa, çox şey dəyişə bilər. Yəni bugünkü, yaxud başqa hadisəni götürməyək. Rusiya bölgədə güclü oyunçudur və istənilən məsələni istədiyi şəkildə öz xeyrinə dəyişə bilər. Buraya silahlı münaqişə də daxildir.

– İndiki situasiyada Qarabağ münaqişəsini alovlandırmaq Rusiyaya sərf edirmi?

– Məsələ burasındadır ki, Rusiya bu dəqiqə çoxşaxəli oynamaq üçün nə qədər güclüdür, bunu demək çox çətin məsələdir. Yəni Suriyaya müdaxilədən sonra Ukraynadakı hadisələrin nə qədər zəiflədiyini gördük. Dolayısı ilə bu, onu göstərir ki, Rusiya eyni vaxtda bir neçə yerdə problem yaradacaq tam gücə sahib deyil. Ona görə də növbəti münaqişə ocağının ona sərf etdiyini zənn eləmirəm.

“Böyük savaş başlarsa, Rusiya mütləq Ermənistan tərəfdə yer alacaq”

– Amma Ermənistandakı hərbi bazasına əlavə canlı qüvvə və hərbi texnika daşıyır…

– Buna sadəcə Ermənistan bazası prizmasından baxmayaq. Rusiya, ümumiyyətlə, cənub bölgəsini, Qara dəniz regionunu silahlandırdı, Ermənistandakı əsgəri gücünü tamamilə yenilədi, Xəzərdəki hərbi gəmilərdə indiyədək görünməyən dərəcədə silahlanma məsələsi var. Eyni zamanda Moskva Şimalda da bazalarını gücləndirməyə davam edir. Sadəcə, Qarabağ münaqişəsinə görə Ermənistan məsələsi bizim diqqətimizi daha çox cəlb edir.

– Qarabağ müharibəsi başlayacağı halda rus əsgərinin Azərbaycana qarşı döyüşməsi real görünürmü?

– Rusiyanın Ermənistanla bir çox sahədə hərbi anlaşması var. Əvvəla, Rusiya və Ermənistan KTMT üzvüdür, burdan qarşılıqlı yardım var. İkincisi, Rusiya ilə Ermənistan arasında ikili hərbi anlaşma var ki, hər hansı kənar ölkə bu iki ölkəyə hücum etsə, bunlar bir-birinə yardım edəcək. Dolayısı ilə təbii ki, baş verə biləcək hər hansı qarşıdurmada Rusiyanın Ermənistanın yanında yer alması ehtimalı yüksəkdir. Qarabağ məsələsinə gəlincə, burada vəziyyət bir az başqadır. Qarabağ Azərbaycanın daxili məsələsidir. Azərbaycan öz daxilindəki ərazilərdə beynəlxalq qanunlar çərçivəsində antiterror əməliyyatları apara bilər. Amma indiyədək Azərbaycan beynəlxalq anlayışlara və hüquqa istinad edərək sülh danışıqları yolunu tutub. Ancaq əgər Azərbaycanla Ermənistan arasında böyük savaş başlarsa, təbii ki, Rusiya mütləq bir tərəfdə yer alacaq, o da Ermənistan tərəfi olacaq.

– Bəs o halda Türkiyənin Azərbaycanın yanında yer alması nə dərəcədə real görünür?

– Türkiyə Azərbaycanı nə qədər müdafiə edə bilər, bunu araşdırmaq lazımdır. Birincisi, Azərbaycanla Türkiyə arasında müdafiə məsələlərində hərbi anlaşma yoxdur. Azərbaycan eyni zamanda NATO üzvü də deyil. Yaxud başqa ölkələrlə tam hərbi anlaşmalara sahib deyil. Belə olduğu halda Azərbaycanın yanında yer alacaq dövlətlərin olduğunu demək olduqca çətindir. Burada geosiyasi maraqlar önə çıxacaq. Əsasən də ABŞ və Avropa Birliyi, eyni zamanda da Türkiyənin maraqları. Əgər NATO, yaxud ABŞ Azərbaycanla bağlı açıq müdafiə məsələsini gündəmə gətirməzsə, Türkiyənin təkbaşına Azərbaycanı müdafiə etməsi həm hüquqi, həm də digər cəhətlərdən olduqca çətindir.

– O halda, deməli, təcili hərbi əməkdaşlıqla bağlı addımların atılmasına ehtiyac var, yoxsa artıq gecdir?

– Biz onu neçə illərdir söyləyirik ki, Azərbaycan balanslı siyasət yürütsə də, bu tərəfsiz siyasət bölgədəki güclərin ona fürsət verdiyi həddə qədərdir. Cənubi Qafqaz bölgəsi də o qədər həssas bölgədir ki, hər an dəngələr dəyişə, tərəfsiz siyasət sonda ölkənin təklənməsinə səbəb ola bilər.

– Rusiya mənbələri vaxtaşırı 7 rayonun erməni işğalından azad olunacağı ilə bağlı xəbərləri dövriyyəyə buraxır. Belə yanaşma var ki, əslində 7 rayonun azadlığı Rusiyanın özünün maraqlarından irəli gəlir. Yəni bu ərazilərin azad olunması halında ora öz “sülhməramlılarını” yerləşdirmək, İranla sərhədi nəzarətə almaq və Ermənistana quru yolunu açmaq istəyir. Bu ehtimallar nə dərəcədə realdır?

– Təbii ki, bu, asan məsələ deyil. Rusiya 7 rayonun azad olunması və “sülhməramlılar”ın yerləşdirilməsi ilə bağlı təkbaşına qərar verə bilməz. Çünki buradakı məsələlər ATƏT-in, Minsk Qrupu həmsədrlərinin müzakirə mövzusudur. Rusiyanın təkbaşına verə biləcəyi hər hansı qərar onun bölgəyə açıq müdaxiləsi kimi qiymətləndiriləcək. Amma təbii ki, Rusiyanın belə planlarının və istəklərinin olması mümkündür. Rusiyanın xarici konsepsiyasına da baxdığımız zaman görürük ki, “Rusiya əsgərinin olduğu yerdə var” düşüncəsi açıq şəkildə özünü göstərir. Krımın işğal edilməsi, Suriyaya hərbi müdaxilə, Orta Asiya ölkələrindəki mübarizə, Abxaziyada hərbi bazanın yaradılması da bunun göstəricisidir. Bütün bunlar onun təzahürüdür ki, Rusiya 2013-cü ildə xarici siyasət konsepsiyasına yumşaq güc əlavə etsə də, hələ də güc siyasətinə daha çox üstünlük verir. Təbii ki, Rusiya çox istərdim ki, işğal olunmuş bölgəyə, təkcə 7 rayona deyil, həmçinin Dağlıq Qarabağa “sülhməramlılar”ını yerləşdirsin. Əgər Rusiya bu planını reallaşdırsa, həm Azərbaycana, həm də Ermənistana nəzarət etmək imkanları xeyli artar.

– Bakı torpaqların erməni işğalından azad olunması müqabilində bu razılaşmaya gedə bilərmi?

– Bakı təktərəfli qaydada, məxfi şəkildə bu razılaşmaya gedərsə, çox ağır şərtlərlə, çox ciddi problemlərlə qarşı-qarşıya gələ bilər. Ümumiyyətlə, tək Rusiyanın deyil, hər hansı xarici gücün hərbi qüvvəsinin Azərbaycanda olması gərginliyi artırar. İstər Rusiya, istər ABŞ, istər İsrailin Azərbaycanda hərbi baza qurması ortalığı qarışdıra bilər. Çünki bütün dövlətlər öz maraqlarından hərəkət edir, beynəlxalq münasibətlər də bunun üzərində qurulub. Bəzən Avropa Birliyi daxilindəki ölkələrin də maraqları üst-üstə düşmür. Türkiyə və Azərbaycanın, yaxud digər türk dövlətlərinin hər birinin öz maraqları var.

Xarici siyasətin təməlində yaşayan əsas prinsip ölkənin içində yaşayan vətəndaşların gələcəyini və yaşamını təminat altına almaqdır. Qarabağ məsələsinin həlli həm də bu mənada önəmlidir. Çünki o torpaqlarda daimi yaşayan insanlarımız on illərdir öz yurdundan didərgin düşüb. Onları dədə-baba torpaqlarına qaytarmaq bizim Azərbaycan dövlətinin əsas vəzifəsidir.(musavat)

İnterpress.az