İyulun 17-də Ermənistan polisinin post-patrul alayının binasının silahlı qrup tərəfindən zəbt olunmasından sonra yaşanan gərginlik pik həddinə çatıb.
Ötən gecədən etibarən Ermənistan polisi iki həftəyə yaxındır ölkə hakimiyyətini səksəkədə saxlayan “Sansa tsrer” silahlı qruplaşmasının tərəfdarlarının həbsinə başlayıb.
İrəvan polisi Xorenatsi keçəsi ətrafında onlarla nümayişçini saxlayıb, onların arasında jurnalistlər də olub. Həbslər zamanı polislə nümayişçilər arasında ciddi toqquşma baş verib. Rəsmi mənbələr 37-si polis olmaqla, 62 nəfərin zərər çəkdiyini xəbər verib. Ermənistanın radikal “Müəssislər məclisi” təşkilatının rəhbəri Qaregin Çuqasyan isə hakimiyyəti hədələyib.
O, AzadlıqRadiosunun Ermənistan bürosuna göndərdiyi yazılı müraciətdə hakimiyyətin polis alayı binasının zor yolu ilə ələ keçirməsi halında cəzasız qalmayacağını bildirib. Çuqasyan baş verən hadisələrdə Ermənistan hakimiyyətini günahlandırıb və onları ölkəni satmaqda ittiham edib: “Sərkisyan və Nalbandyan erməni xalqından başqa hər kəsin maraqlarını müdafiə edir” deyə o, müraciətində bildirib.
Çuqasyan baş verən hadisələrlə əlaqədar gizli fəaliyyətə keçdiyini bəyan edib.
Ermənistanın “İrs” Partiyasının sədri Raffi Ovanisyan isə hakimiyyəti terrorçuluqda ittiham edib. Ovannisyanın fikrincə, Ermənistanda problemlərin həlli üçün bütün vasitələr tükəndiyindən, insanlar silaha əl atmalı olub. Müxalifət partiyasının sədri bu səbəbdən silahlı qruplaşmanın hərəkətlərinə haqq qazandırdığını bildirib və onları antiterrorçular adlandırıb.
Ermənistan Milli Özünütəyinetmə Birliyinin sədri Paruyr Ayrkikyan da hakimiyyətin qan tökülməkdən qaçmaq naminə istefa verməsini və milli etimad hökumətinin yaradılmasını təklif edib.
Bu arada hökumət qüvvələri ilə qiyamçılar arasında baş verən silahlı toqquşma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib. Bundan başqa, polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb. Silahlı şəxslərdən Koryeqanov qardaşlarının atası Armenak Koryeqanovun mətbuata bildiridiyinə görə, əslində polis tərəfindən heç bir basqın olmayıb. Sadəcə, yaralı qiyamçıların polisə təslim edilməsi üçün razılıq əldə olunub. Yaralıların təslim edilməsi zamanı polis Pavel Manukyana atəş açıb. Atəş zamanı onun oğlu Aram atasının yanına qaçdığı üçün polislər onu da yaralayıblar. Qrupun digər iki üzvü isə yaralı yoldaşlarını xərəklə aparmağa gələrkən həbs olunublar. Avanek Koryeqanov silahlı şəxslərin tələblərindən vaz keçməyəcəyini mətbuatın diqqətinə çatdırıb.
Digər məlumatda isə bildirilir ki, atışma zamanı silahlı qrupun üzvləri Aşot Petrosyan və Ovanes Arutyunyan yaralanıb, onlar xəstəxanaya aparılıb. Səhərə yaxın isə silahlıları dəstəkləyənlərdən Artur Sərkisyan avtomobilini ərzaqla dolduraraq polkun ərazisinə daxil olmaq istəyib. Lakin polislər hər tərəfdən onun avtomobilinə atəş açıblar. Buna baxmayaraq, yaraqlılara yemək çatdırmaq mümkün olub.
Silahlılar yoldaşlarının həbs edilməsinə və güllələnməsinə cavab olaraq İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan facebook səhifəsində yazıb. Bunun qarşılığında Ermənistan xüsusi təyinatlıları da post-patrul alayını ələ keçirmiş qiyamçılara qarşı əməliyyata başlayıb. Ermənistan paytaxtında polislə silahlılar arasında baş verən atışmada 90-cı illərdə Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı qəddarlıq etmiş canisi Pavel Manukyan və onun oğlu Aram Manukyan da ağır yaralanıb. Onlar xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu deyilir. P.Manukyan və oğlu “Sasna Tsern” silahlılarının sırasında iyulun 17-də polis binasını zəbt edənlər arasında olub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi bəyanatında isə tökülən qanlara görə silahlı birləşmənin məsuliyyət daşıdığı bəyan edilib.
İşğalçı ölkədəki durumu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan prezidenti Serj Sərkisyan çox çətin seçim qarşısında qalıb: “O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən, qan töküləcəyini bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır. Ermənistanda bu hadisələr ona görə baş verir ki, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır. Sərkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın. İkincisi, erməni cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğunun səbəbini məhz korrupsiya ilə əlaqələndirir. Yəni ordu o qədər korrupsiyalaşıb ki, erməni hərbçilərini qorumaq iqtidarında deyil, səfalət fonunda generalların bahalı villaları İrəvan ətrafında göz oxşayır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır”.
Ekspert hesab edir ki, Sərkisyan hətta bu gün həmin polis məntəqəsini azad etsə belə, silahlı müxalifətin hakimiyyətlə növbəti qarşıdurmaya gedəcəyi istisna deyil: “Ermənistan yeganə ölkədir ki, silahlılar rahatca parlamentə daxil olub ölkə rəhbərliyindəki əsas simaları qətlə yetirib. Ermənistanın tarixi bu millətin böyük terror təcrübəsindən xəbər verir. Əvvəllər bu terroru türklərə qarşı yönəldirdilər, indi isə türklərə əlləri çatmadığından bir-birilərini öldürməyə başlayıblar. Bu proses hələ uzun müddət davam edəcək”.
Vəziyyətin kritikləşməsini nəzərə alan ABŞ-ın Ermənistandakı səfirliyi isə İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasının silahlı qruplaşma tərəfindən ələ keçirilməsi hadisələri ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Bununla bağlı məlumat səfirliyin saytında yerləşdirilib (koordinat.az). ABŞ diplomatik missiyası silahlı qruplaşmanın binaya nəzarəti davam etdirdiyini və şəhərdə vəziyyətin mümkün gərginləşmək ehtimalının qaldığını bildirib. Bununla əlaqədar səfirlik ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi, eləcə də insan izdihamının yaşandığı yerlərə getməkdən çəkinməyi tövsiyə edib.
Görünən budur ki, işğalçı ölkədə baş qaldıran silahlı üsyanın tezliklə yatırılacağı və ölkədə nizamın bərqərar ediləcəyi xeyli problematikdir. Aprel müharibəsindən sonra hələ də özünə gələ bilməyən, ordu rəhbərliyi və keçmiş Qarabağ döyüşçüləri ilə arasında dərin uçurum yaranan Ermənistan hakimiyyəti bu gün böhranlı vəziyyətlə üz-üzə qalıb. Üstəlik, cəmiyyət də Sərkisyan iqtidarına nə apreldəki itkilərlə müşayiət olunan uğursuzluqları, nə də ölkənin sonuncu “müstəqil ərazisini” – hava məkanını da Rusiyanın ixtiyarına verməsini bağışlaya bilmir. Bu mənada istisna deyil ki, Sərkisyanı qarşıda daha ağır günlər gözləyir. Yazı çapa hazırlanana qədər Ermənistanda qarşıdurma davam edirdi… (musavat)
İnterpress.az