İnterpress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov musavat.com-a açıqlamasında bildirib.
Hüquqşünas qeyd edib ki, problem daha da kəskinləşəcək: “Çünki bu sahədə məhkəmə prosesləri tədricən bitir və borcluların girovlarına və digər əmlaklarına tutma yönəldilir. İnsanlar evsiz-eşiksiz qalır, bu da sosial gərginliyi artıra bilər. Buna görə də, hökumətin bu sahədə müəyyən güzəştlər tətbiq etməsi gözləniləndir: məsələn, dollar kreditləri üzrə məzənnə fərqinin bir qismini dövlət üzərinə götürə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, bank rəhbərlərinin bu prosesdə maraqlı olmaması da məsələnin həllinə mane olan amillərdən biridir: “Lakin məsələnin fundamental həllinə ümid azalır, çünki bu sahəyə rəhbərlik edənlər subyektiv səbəblərdən bunda maraqlı deyillər. Söhbət bank sahiblərinin və inzibatçılarının yaxınlarına və ya korrupsiya əsasında verdikləri qanunsuz kreditlərdən gedir. Bu məsələ obyektiv və savadlı araşdırılsa, cinayət təqibi təhlükəsi altında problemli kreditlərin əksəriyyətini qaytarmaq olar.
Amma təəssüf ki, bu işlə məşğul olan yoxdur. Əl əli yuyur, əldə üzü. Halbuki bunun müqabilində yerdə qalan problemli kreditlər üzrə dövlət hesabına güzəşt etmək xeyli asan olardı. Hər bir halda bu il borclu olan vətəndaşlar üçün müsbət yenilik də olacaq”.
Məhkəmə perspektivlərinə gəlincə, hüquqşünas qeyd etdi ki, böyük ehtimalla onun şikayəti əsasında Avropa İnsan Haqları Məhkəməsi bu il borca görə qanunsuz həbslərə qiymət verəcək və bu biabırçı, barbar təcrübəyə ölkədə son qoyulacaq: “Nəticədə borcunu həqiqətən ödəyə bilməyənlər rahat nəfəsə ala biləcək. Onların özlərini müflis elan etmək imkanının reallaşması da gözlənilir. Əslində qanun buna imkan verir, amma məhkəmələr bundan yayınır.
Yanvarın 23-də Ali Məhkəməmiz bu məsələyə münasibət bildirməlidir. Qərar mənfi olsa, Konstitusiya Məhkəməsinə müraciət edəcəyəm. Nəhayət, borclular üçün digər müsbət məqam kollektorların fəaliyyətinə son qoyulması olacaq”.
Əkrəm Həsənov vətəndaşların diqqətinə çatdırdı ki, kollektorların onlara qarşı yol verdikləri qanunsuzluqlarla bağlı məhkəmələrə müraciət etməkdən çəkinməsinlər: “Bu ildən kollektorlar məhkəmədə bankları təmsil edə bilməz, deməli, borclular haqda məlumatı da ala bilməzlər. Məlumdur ki, borclulara zülm edən əsas qurum məhz kollektorlardır. Bununla belə, onların asanlıqla oyundan çıxmalarını da gözləmək sadəlövhlük olardı. Buna görə də vətəndaşlarımız özləri fəal olmalı, haqlarını tələb etməlidilər.
Kollektorların borcluya zəng etməsi belə qanunsuzdur. Buna görə də dərhal şikayət etmək lazımdır.
Ümumiyyətlə, hamı bilməlidir ki, heç vaxt göydən üç alma düşməyəcək, qanun, uğrunda mübarizə aparan varsa, hüquqdur, haqdır. Buna görə də banklarla məhkəmələrdə sonadək hər qəpiyə görə mübarizə aparmaq lazımdır. Yalnız bu halda dönüş yaratmaq olacaq”.
İnterpress.az