İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın enerji naziri Aleksandr Novak hasilatın azaldılması yönündə razılaşmadan kənar da Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcəklərini açıqlayıb.
Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih isə bəyan edib ki, cari ilin sonuna qədər hasilatla bağlı qərar qüvvədə qalacaq:
“Birja ilin sonunda və ya 2019-cu ildə yenidən sabitləşəcək”.
Xalid əl-Falih bildirib ki, hazırda qlobal neft ehtiyatları son beş ilin orta səviyyəsini 120 mln. barel üstələyir.
Hər iki nazir 2019-cu ildə hasilatın azaldılıb-azaldılmayacağında dair suallara cavab verməyiblər.
Omanın neft-qaz naziri Mühəmməd Həməd əl-Rumhi isə deyib ki, 2018-ci ildən sonra cari OPEC+ anlaşmasının uzadılması yerinə, yeni tip anlaşma tətbiq oluna bilər.
Qeyd edək ki, dünən Omanda OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası keçirilib. Neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin Monitorinq Komitəsinin növbəti iclası apreldə, Səudiyyə Ərəbistanında keçiriləcək.
Xatırladaq ki, OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.
İnterpress.az