Əvvəlcə MSK-nın 15 may, 25 may və 27 may 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı layihənin həyata keçirilməsi qərara alındı.
Genişmiqyaslı maarifləndirmə tədbirinin ikinci mərhələsi ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edir. Bu mərhələ çərçivəsində 24-26 avqust tarixlərində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulub. Kurslar çərçivəsində MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən mühazirələr oxunub, təqdimatlar aparılacaq. Bu da aşağı seçki komissiyaları üzvlərinin seçkilərlə bağlı hərtərəfli məlumatlandırılmasına və onların iş təcrübələrinin daha da artırılmasına imkan verəcək.
Komissiyanın qərarına əsasən dairə və məntəqə seçki komissiyalarının üzvlərinin seçkilərlə bağlı məlumatının daha da artırılmasına hədəflənmiş layihə 2 mərhələdə gerçəkləşdiriləcək. Belə ki, birinci mərhələ çərçivəsində avqustun 21-dən dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə keçiriləcək. Tədbirdə MSK rəsmiləri ilə yanaşı, bir sıra ali dövlət qurumlarının rəhbər şəxslərinin Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı müxtəlif mövzularda çıxışları nəzərdə tutulub. Maarifləndirmə layihəsinin birinci mərhələsi çərçivəsində, həmçinin tədbir iştirakçıları ilə Bakı şəhərində yerləşən dairə seçki komissiyaları arasında təcrübə mübadiləsi də təşkil ediləcək.
İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması məsələsi də müzakirə edildi. Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, bəzi seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edildi.
Komissiyanın iclasında bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi, eləcə də cari məsələlərə baxıldı.
İclasda xarici qurumların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
İnterpress.az