Diasporla İş üzrə DK-nın məlumatına görə,Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə “YouTube” kanalında yayımlanan “Sərhədləri aşanlar 3.0” proqramının xüsusi buraxılışı qüdrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Proqramın prodüseri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AzərTAC-ın bu ölkədəki xüsusi müxbiri Vüqar Ağayev xalqımızın böyük öndəri Heydər Əliyevin ölkəmizin tarixindəki misilsiz və müstəsna xidmətləri barədə müfəssəl məlumat veriblər. Müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin hələ SSRİ dönəmində Azərbaycanın rəhbəri olarkən böyük quruculuq işləri gördüyünə və ölkəmizin gələcək müstəqilliyinə hesablanmış addımlar atdığına diqqət cəlb edilib. Onun ölkəmizə qazandırdığı uğurların bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində davam etdirildiyi vurğulanıb. Dünyanın nüfuzlu siyasətçiləri arasında yer alan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələrinin 2020-ci ilin payızında böyük Zəfərə imza atdığı, 30 ilə yaxın davam etmiş erməni işğalına BMT-nin məlum qətnamələrinə uyğun şəkildə son qoyulduğu, II Qarabağ müharibəsi zamanı Yaponiyanın ölkəmizin haqlı mübarizəsini dəstəklədiyi və xalqımızla həmrəylik nümayiş etdirdiyi nəzərə çatdırılıb.
Veriliş Heydər Əliyev Mərkəzinin ulu öndərə həsr etdiyi videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.
İnterpress.az