Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (AQDM) və Toronto Universitetinin nəzdindəki Emmanuel Kollecinin birgə təşəbbüsü və təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.
İnterpress.az xəbər verir ki, onlayn təşkil edilən tədbirdə AQDM-nin İdarə Heyətinin üzvləri, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, İslam araşdırmaları üzrə ilahiyyatçı-alim Timoti Canotti (Timothy J. Gianotti), tərcüməçi, şərqşünas-alim, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, dinşünas-alim, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, Toronto Universitetinin professoru, tarixçi-alim Lori Silvers (Laury Silvers) və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Nizami Gəncəvinin Azərbaycan fəlsəfəsi ənənəsinin ən böyük nümayəndələrindən biri olmasından, islam dünyasının ədəbi irsinə böyük töhfələr bəxş etməsindən söz açıblar, Nazimi yaradıcılığındakı kamil insan axtarışından bəhs ediblər. Bildirilib ki, əsrlərdən bəri ədəbi irsi ilə Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlamaqda olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Tədbirin bədii hissəsində Nizami Gəncəvinin qəzəllərinə bəstələnən əsərlər təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin ifasında “Sənsiz”, professor, əməkdar artist İlham Nəcəfov və istedadlı pianoçu Minirə Nəcəfzadənin ifasında “Sevgili canan” romansları səsləndirilib. Sonra Torontoda yaşayan azərbaycanlı dirijor və bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev şairin “Düşüb eşqinlə bir sevdaya, ey gül” qəzəli əsasında bəstələnmiş “Ey gül” kompozisiyasını ifa edib. Bədii hissə Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Yunusun pianoda “Sənsiz” romansını ifa etməsilə yekunlaşıb.
Tədbir zamanı EL TV-nin rəhbəri Elçin Muxtarovun böyük şair haqqında hazırladığı videoçarx da nümayiş olunub.
İnterpress.az