Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xaricdə yaşayan soydaşlarımızı ölkənin ümumi maraqlarının müdafiəsi işinə cəlb etmək olub.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Vətən müharibəsi zamanı da Azərbaycan vətəndaşları ilə bərabər, dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimiz də birlik nümayiş etdirdilər. Diasporumuz erməni yalanlarını ortaya çıxardı və həqiqətləri dünyaya yaydı.
Azərbaycanın Milli Qəhrəmanları deyiblər ki, diasporumuz hələ heç vaxt indiki gücündə olmayıb.
Milli Qəhraman Ehtiram Əliyev bunu Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətilə bağlayıb:
“Müharibə dövründə xaricdə yaşayan həmvətənlərimiz bizlərə dəstək oldu, öz vətənpərvərliklərini göstərdilər. Bu da Diaspor Komitəsinin gördüyü işlərin nəticəsiydi. Ölkədən kənarda yaşayanların ürəyi bizimlə, vətənlə bir döyündü. Bu qürurverici bir hissdir.
Ümumi olaraq diasporun dövlətlə sıx əlaqəli olduğunu nəzərə alıb, onun işini yüksək qiymətləndirə bilərəm. Cənab prezidentin də diasporla bağlı görüşləri, dəstəyi alqışlanır”.
Milli Qəhrəman Vahid Quliyevin sözlərinə görə, nə qədər ki, dünyada erməni milləti mövcuddur, Azərbaycan diasporu da daim ayıq-sayıq olmalı, öz gücünə güc qatmalıdır:
“Hesab edirəm ki, diasporun fəaliyyəti daha da şaxələnməlidir. İşğal dövründə ermənilər Azərbaycana çox böyük ziyanlar vurub. Ərazilərimizi minalayıb, mədəniyyət obyektlərini darmadağın edib. Diasporumuz öz imkanlarından maksimum istifadə edərək, bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdı. Həmvətənlərimiz ermənilərin dinc azərbaycanlıların başına gətirdikləri müsibətləri yaşadıqları ölkələrdə faktlar, rəqəmlərlə, sənədlər əsasında əcnəbilərə anlatmalıdırlar. Bilirəm, bu işləri görmək, xarici ölkə vətəndaşlarını inandırmaq çox çətindir. Amma dövlətçiliyimiz naminə çalışıb-vuruşmalıyıq.
Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işləri diqqətdə saxlayır. Düşünürəm ki, Azərbaycan diasporu yaxın gələcəkdə daha da güclənəcək”.