Media Təhlil Mərkəzi (MTM) dövlət və özəl qurumların Çağrı mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.
Mərkəzdən bildirilib ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.
Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.
Belə ki, Daxili İşlər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və digər nazirliklərin, eləcə də Baş Prokurorluq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti on ballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Soğru nəticəsində məlum olub ki, həmin qurumlar zənglərə operativ cavab verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə götürülür.
Siyahıda Səhiyyə, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, eləcə də Nazirlər Kabinetinin, Respublika Hərbi Prokurorluğunun Çağrı mərkəzlərinin fəaliyyəti 6-8 balla qiymətləndirilib. Qeyd edilib ki, Səhiyyə Nazirliyinin Qaynar xəttilə çevik formada əlaqə saxlamaq mümkün deyil, Hərbi Prokurorluğa zəng vuran vətəndaşlar isə xətdə gözlədilir, operativ cavab almaq mümkün deyil.
Bakı Şəhər İcra Hakimiyyəti, Milli Məclis, “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Sərhəd Xidməti, Dənzikənarı Bulvar İdarəsinin Çağrı mərkəzlərinin fəaliyyəti 3-5 balla qiymətləndirilib. Bu qurumlar problemi sona qədər dinləməkdən imtina
edir, edilən zənglər yönləndirilir, lakin cavab verilmir.
Bəzi qurumların isə fəaliyyətinə 0-2 bal verilib. Bunlar Mədəniyyət Nazirliyi (Qaynar xətt xidməti fəaliyyət göstərmir), Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri işləmir), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-yə məxsus əlaqə nömrələri fəaliyyət göstərmir.
Hesabata əsasən, 0-2 bal alan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Çağrı Mərkəzinin əlaqə nömrəsi işləmir.