“Məlum olduğu kimi, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin nümayəndələrini müzakirələr aparmaq üçün Bakıya dəvət etdi. Amma onlar bunu qəbul etmədilər. Azərbaycan humanist addımlar ataraq və konstruktiv mövqe nümayiş etdirərək öz vətəndaşlarına sayğı ilə yanaşır”.
İnterpress.az xəbər verir ki, bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.
“Amma bizim ərazimizdə məskunlaşan erməni əhalisi də Azərbaycana, Azərbaycan xalqına və dövlətimizin qayda-qanunlarına inteqrasiya olunmalarının vacibliyini anlamalıdırlar. Bizim ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir.
Azərbaycan tərəfinin erməni nümayəndələrini Bakıya dəvət etməsi həm də xalqımızın və dövlətimizin qonaqpərvərliyinin nümunəsidir. Azərbaycan hər zaman sülh istəyib, hər zaman əmin-amanlıq arzulayıb və həm regionda, həm də dünyada məhz bunun üçün çalışıb.
Amma bunun əksini istəyənlər, sülhpərvər dəvəti qəbul etməyənlər və təxribatlar törətmək, eləcə də düşmənçilik arzusunda olanlar bilməlidirlər ki, onların başqa çıxış yolu yoxdu.
İstəməyənlərə deyə bilərik ki, Laçın-xankəndi yolu humanitar məqsədlər üçün açıqdır, buyurun, ölkəmizi və ərazimizi tərk edə bilərsiniz!”, – T.Allahverdili əlavə edib.