Cənab Prezidentin Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının iclasına dəvət olunması ölkəmizin artıq materikdə söz sahibinə çevrilməsindən xəbər verir.
Bu sözləri “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və İnterpress.az-ın baş redaktoru Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, dövlətlər Azərbaycanla geosiyasi məsləhətləşmələr aparırlar:
“Təbii ki, bu, dövlətimiz, xalqımız və millətimiz adına qürur duyulası, fəxr olunası bir haldır. Bütün bunlara isə məhz Cənab Prezidentin yürütdüyü müstəqil xarici iqtisadi siyasət nəticəsində nail olunub. Bu, bir günün içində əldə olunası bir nailiyyət bir deyil, buna illər sərf olunub”.
“Məlumdur ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə (Ermənistandan başqa) sıx əlaqələrə malikdir. Bu əlaqələr yüksələn xətlə inkişaf edir. Balanslı siyasət yürüdən Azərbaycan dünyada həm də sülhün, əmin-amanlığın tərəfdarıdır.
Azərbaycan coğrafi mövqeyinə görə geniş iqtisadi imkanlara malikdir. Buna görə də heç bir ölkədən iqtisadi asılılığı yoxdur. Məhz Cənab Prezidentin sayəsində ölkəmiz malik oluğu dayanıqlı iqtisadiyyatı qoruyub saxlaya bilir. Bu da bizə müstəqil xarici siyasət yürütməyə imkan verir”, – T.Allahverdili əlavə edib.