Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ötən gün Azadlıq radiosuna müsahibə verib. O, müsahibəsində Qarabağdakı hazırki vəziyyətlə bağlı bəzi fikirlər irəli sürüb.
İnterpress.az xəbər verir ki, Fərid Şəfiyevin iddiaları ilə bağlı hakimiyyət mənbələrindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bütün bunlar Şəfiyevin şəxsi fikirləridir və Azərbaycan dövlətinin mövqeyini əks etdirmir.
“Əslində, görünən odur ki, Fərid Şəfiyevin bu fikirləri belə imperativ qaydada səsləndirməyə nə haqqı var, nə də səlahiyyəti. O, Qarabağ erməniləri ilə müzakirələrdə iştirak etmir, bu məsələ ilə məşğul olan hər hansı bir orqanda təmsil olunmur. Belə olan halda bütün bu deyilənlər cənab Şəfiyevin şəxsi fikrindən başqa bir şey ola bilməz”, – deyə mənbə əlavə edib.