Ukrayna xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) liderlərinin Kiyevin quruma üzvlüyü ilə bağlı danışıqlara yaşıl işıq yandırmaqdan mümkün imtinasını həm Ukrayna, həm də Aİ-nin özü üçün dağıdıcı olacağını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bunu nazir Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Avropa İttifaqı Şurası dekabrın 14-15-də keçiriləcək toplantısında Kiyevlə üzvlüklə bağlı danışıqlara başlanılması barədə qərar veriləcəyi gözlənilir: “Əgər lazımi qərarı qəbul etməsə, baş verə biləcək dağıdıcı nəticəni təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.
Belə bir qərar üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Bu məsələ dekabrın 14-15-də bloka daxil olan ölkələrin liderlərinin sammitində müzakirə olunacaq. Macarıstan Ukraynanın Aİ-yə daxil olması və yardım ayrılması ilə bağlı danışıqların əleyhinədir.