Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra Qərb ölkələrinin liderlərinin Ukrayna məsələsini və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün görüşmək təklifləri ilə Moskvaya dəfələrlə siqnallar göndərdiyini bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
S. Lavrovun sözlərinə görə, Qərbin Ukraynada başlatdığı müharibənin dalana dirəndiyini anlamağın vaxtı çatıb: “ABŞ və Avropa ölkələri artıq ümidlərini doğrultmayan Kiyev üçün pul tapmaqda çətinliklər yaşayır. Ukrayna açıq şəkildə ümidləri doğrultmadı”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.