Bu günə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 15,2 milyard ABŞ dolları investisiya yatırıb.
İnterpress.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Türk iş adamları birlikləri ilə əməkdaşlıq” mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bunun 11,7 milyard ABŞ dolları neft-qaz sektorunun, 3,5 milyard ABŞ dolları isə qeyri-neft-qaz sektorunun payına düşüb.
“Bu günə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan Türkiyə kapitallı kommersiya qurumlarının sayı təxminən 5 670-dir: “Bunun 4 mindən çoxu aktivdir. Xüsusilə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Türkiyə şirkətlərinin rolu danılmazdır”, – deyə sədr əlavə edib,
O həmçinin bildirib ki, Azərbaycan da Türkiyə iqtisadiyyatına aktiv şəkildə investisiya yatırır və bu baxımdan digər ölkələrə qoyulan pullarla müqayisədə Türkiyə ilk yerdədir.