2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb.
Bu barədə İnterpress.az “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, “Kaztransoil” Xəzər dənizin Qazaxıstan sektorunda yerləşən “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son 1 ildə 205 min tondan 1 milyon 392 min tona qədər artıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə çoxdur.
Bildirilir ki, ötən il Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 376 min ton təşkil edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 48,9 % çoxdur.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 984 min ton neft göndərilib.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.