Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib.
İnterpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.
Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.
Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir.
Xatırladaq ki, Vergi Məcəlləsində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalının həyata keçirilməsi fəaliyyəti üzrə vergilərdən güzəştlərin verilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarında göstərilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 %-i 7 il müddətinə vergidən azad edilir. Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.