Somali anlaşma memorandumundan geri çəkilməyincə Efiopiya ilə danışıqlara getməyəcəyini bəyan edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Somali Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının Somalinin ərazi bütövlüyü və suverenliyini təsdiqləməsi alqışlanıb.
Afrika Birliyinin iki ölkə arasında dialoq çağırışına cavab olaraq, Somalinin ərazi bütövlüyünün Efiopiya tərəfindən pozulduğu və Somaliland ilə razılaşmadan çəkilmədiyi təqdirdə bu ölkə ilə heç bir müzakirə aparılmayacağı bildirilib.
Afrika Birliyi dünən tərəfləri gərginliyi azaltmağa və dialoqa çağırmışdı.
1991-ci ildə Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland yanvarın 1-də imzaladığı anlaşma memorandumu ilə Efiopiyaya sahillərindən ticarət və hərbi məqsədlər üçün istifadə icazəsi verib.
Somaliland yekun razılaşmanın imzalanması ilə Efiopiyanın bunu tanıyacağını açıqlamışdı.
Efiopiyanın Somaliland ilə dənizə çıxış müqaviləsi imzalamasından sonra Somali hökuməti öz səfirini Efiopiyadan geri çağırıb.