İsrailin Qəzza zolağına aylardır həyata keçirdiyi hücumlar 625 mindən çox fələstinli tələbənin təhsildən məhrum olmasına səbəb olub. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda 4510-u Qəzzada, 41-i Qərb Sahilində olmaqla ümumilikdə 4551 tələbə həyatını itirib. Hücumlarda Qəzzada 7 min 911, İordan çayının qərb sahilində 282 olmaqla 8 min 193 şagird yaralanıb.İsrailin hücumlarında Qəzzada da 231 müəllim və idarəçi həlak olub, 756 nəfər yaralanıb. İordan çayının qərb sahilində 6 müəllim və idarəçi yaralanıb, 71 nəfər saxlanılıb.
Məktəblər sığınacaq mərkəzlərinə çevrilərkən, Qəzza zolağında 281 dövlət məktəbi və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı 65 məktəb bombalanaraq dağıdılıb. Onlardan 83-nə ciddi ziyan dəyib, 7-si isə tamamilə məhv edilib. İordan çayının qərb sahilində 38 məktəbə basqın edilib və dağıdılıb.Qəzza zolağına edilən hücumlar birbaşa və ya dolayı yolla məktəblərin və təhsil binalarının 90 faizinə təsir edib. Məktəb binalarının 29 faizi tamamilə dağıldığı və ya ciddi şəkildə zədələndiyi üçün yararsızdır. Qəzza zolağında 133 dövlət məktəbi yaşayış mərkəzi kimi istifadə olunur.