Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 17 noyabr 1999-cu ildə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilmiş 21 fevral gününün Azərbaycanda müxtəlif dillərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti subyektləri arasında başlayan həmrəylik, əməkdaşlıq və dostluğun inkişafı üçün xüsusi əhəmiyyəti var.
Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. Nəticədə YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, – deyən Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Bu günə ana dilinin əhəmiyyəti və mənasına olduqca həssas yanaşılmalı, hər kəs dil hüquqları ilə bağlı hər hansı pozuntu və nailiyyətləri yaxından izləməli, mübarizə aparmalı və bununla yanaşı bütün dillərə hörmət etməlidir. Bu mənalı günü ümumi çağırışla qarşılayarkən, bütün doğma dillərin, xüsusilə itirilmiş, nəsli kəsilməkdə olan dillərin və azlıqların dillərinin bəşəriyyət üçün maddi və mənəvi əhəmiyyətini və bənzərsiz dəyərini vurğulamaq istərdim. Azərbaycan dili “Orxon-Yenisey”abidələri ilə, “Divani-lüğəti-türk” əsəri ilə yaxından uyğunlaşır, bu dil Füzulinin dilidir, bu dil Səməd Vurğunun dilidir. Bu dil 50 minyonluq bir xalqın doğma dilidir, bu dil bizim mədəni irsimizin, mənəvi dəyərlərimizin əsasını təşkil edir. Bu dil bizim o taylı soydaşlarımızın dilidir, hər kəlmələrində həsrət qoxan…
“Nazlı,şirin dilim var,özgə dilə yazmaram.
Doğrasalar da məni, öz dilimi atmaram.
Cənnəti versəz mənə, dünyanı satsaz mənə,
Mən anamın nazlı dilin başqa dilə satmaram!
Şəhriyarım düz deyib, qatma dilin dillərə,
Mən bu gözəl türk dilin ayrı dilə qatmaram.
Bax bu dilin qayəsi çatdı bütün dillərə,
Olmaz isə öz dilim heç yerə mən çatmaram.
Onda ki mən ölmüşəm, quylayın öz yurduma,
Çün budur adət mənim, özgə yerə yatmaram!”
deyir cənublu soydaşlarımız. Dil xalqdır, dil birlikdir, dil vətəndaşlıqdır, soydaşlıqdır. Bir xalqı yox etmək onun dilini əlindən almaqla başlar, bir dil yox olarsa, bir xalq ölər. Dilimizi qorumaq ilk öncə bizdən başlayır, yersiz “bəzək” dilimizi gözəlləşdirməz, əksinə geri salar, özgəninkiləşdirər. Yad ünsürlərdən qoruyun dilimizi, hər bir nemət yarandığı kimi gözəldir. Əlavə sözcüklər, türk dilinə xas olmayan ünsürlərlə dilimizi bərbad etmək türk soyuna- Azərbaycana yaraşmaz. Vətən dediyimiz bu torpağın qoynunda yaşayırıqsa, ona məxsus bütün sərvətləri, o cümlədən də, dilimizi göz bəbəyimiz kimi qorumalıyıq. Çünki bizi biz edən , xalq olaraq yaşadan, azərbaycanlı olaraq var edən məhz bu dildir-Azərbaycan dili, anamızın dili…Bu baxımdan dilimizin qorunması üçün atılan bütün addımlara hamılıqla qoşulmalıyıq, birlikdən doğan güclə irəliləməliyik.
Bizim istəyimiz həyatın bütün sahələrində plüralizm hökm sürməsi, beləliklə, bütün dillərin qarşısındakı əngəllərin aradan qaldırılması, hər bir fərdin öz doğma dilində azad danışa bilməsidir ki, bununla da linqvistik plüralizm dincliyin təminatı kimi öz mövqeyini göstərə bilir. Biz öz doğma ana dilimiz ilə bağlı hüquq pozuntularına qarşı hər kəsi həssas olmağa və yeni nailiyyətlər uğrunda mübarizə aparmağa çağırırıq. Bu həssaslığı və mübarizəni əbədiləşdirmək üçün 21 Fevral Ana Dili Günü münasibətilə bütün hər kəsi Ana dilimizi qorumağa,onun qorunması üçün aparılan işlərə dəstək olmağa, dilimizi yad ünsürlərdən təmizləmək üçün əlimizdən gələni etməyə çağırıram. Bir dilçi kimi bu məsələdə fəal iştirak etmək mənim də borcumdur. Günümüz mübarək, həmvətənlərim. Günün mübarək, Azərbaycan xalqı!