Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi məqsədilə qalib seçilən təchizatçı şirkət tərəfindən müqaviləyə uyğun olaraq texnikaların gətirilməsi başa çatmaq üzrədir. Ümumiyyətlə, bu il Naxçıvanda Dövlət Proqramına əsasən meliorasiya və irriqasiya sahəsində önəmli işlər görüləcək.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Layihə-ekspertiza şöbəsinin baş məsləhətçisi Ayxan Həsənov söyləyib.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2023-2024-cü illər üzrə meliorasiya və irriqasiya sahəsində icra edilən layihələr barədə danışan Ayxan Həsənov qeyd edib ki, tender elanlarına əsasən, qalib şirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə işlərə başlanılıb. Gələcəkdə Araz Su Anbarından Heydər Əliyev Su Anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması həyata keçiriləcək. Eyni zamanda, Arpaçay sağ sahil və sol sahil magistral kanalları yenidən qurulacaq, Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi reallaşacaq. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətti tikiləcək.
Ayxan Həsənov 2023-2024-cü illər üzrə təfsilatlı Tədbirlər Planına əsasən, Qaraçuq magistral kanalının yenidən qurulması, Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə də tender elan olunduğunu vurğulayıb. “Bundan başqa, “Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin, Qarabağlar, Xok, Yurdcu və Qabıllı kəndlərinin su təchizatı sistemi üzrə yarım qalmış işlərin layihə-smeta sənədlərinin hazırlanması” layihəsi çərçivəsində də tender elan olunub”, – deyə o əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.