Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirdi. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd etdi. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğuladı. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd etdi.
Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladı.