Cənubi Koreya ölkədəki iki çip istehsal edən şirkətin Şimali Koreyalı hakerlər tərəfindən sındırıldığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi (NIS) tərəfindən edilən yazılı açıqlamada, sözügedən hakerlərin 2023-cü ilin dekabrında və keçən ayda iki çip avadanlığı şirkətinin serverlərinə sızaraq onların məhsul dizaynlarını və fotoşəkillərini oğurladıqlarının qiymətləndirildiyi ifadə edilib.
Açıqlamada Şimali Koreyalı hakerlərin ölkənin silah, raket və peyk proqramları üçün Cənubi Koreyalı çip istehsalçılarını sındırmış ola biləcəyinə diqqət çəkilib, Şimali Koreya sanksiyalara görə əldə etməkdə çətinlik çəkdiyi çipləri istehsal etməyə hazırlaşır.
NIS-in açıqlamasında çip və çip hissələri istehsal edən şirkətlərə kiberhücumlara qarşı lazımi tədbirləri görmələri barədə xəbərdarlıq edilib.
Şimali Koreyalı hakerlərin Cənubi Koreya başda olmaqla bir çox ölkənin virtual varlıqlarına, rəsmi sənədlərinə və müdafiə sənayesi fəaliyyətlərinə qarşı hücumlar təşkil etdiyi məlumdur.
Digər tərəfdən, sözügedən hakerlərin 2016-cı ildən bəri təxminən 3 milyard dollar dəyərində virtual aktivləri oğurladığı bildirilir.
Beynəlxalq müşahidəçilər oğurlanan bu pulların Şimali Koreyanın sanksiyalara məruz qalan nüvə və raket proqramlarına köçürüldüyünü qeyd ediblər.