ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ABŞ gəmisinə qısa mənzilli ballistik raket atdığını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada husilərin dünən Qırmızı dənizdəki “USS Laboon” esminesinə qısa mənzilli ballistik raket atdığı, ABŞ-ın Husilərin nəzarətindəki bölgələrdən atdığı raketi koalisiya gəmisi ilə məhv etdiyi bildirilib.
Qırmızı dənizdəki vəziyyət
Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını söylədiklərinə görə Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzi ərazilərə hücum edir.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqladı.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün fevralın 19-da Aspides missiyasını işə saldığı halda, İtaliya parlamentin qərarı ilə martın 5-də bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.