İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehlakçıların məlumat almaq hüququ pozulduqda buna yol verən şəxslər barədə inzibati qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” mövzusunda forumda bildirib.
“Ölkəmizdə “yaşıl enerji”yə keçid, bərpaolunan enerji potensialı, külək və günəş enerji mənbələrindən istifadə mühüm əhəmiyyət kəsb edir. Məhz bu istiqamətlərdə, həmçinin istehsal proseslərində, sənaye, ticarət, səhiyyə, ekologiyanın mühafizəsi, energetika sahələrində texniki maneələrin aradan qaldırılması nəticəsində istehlakçıların hüquqlarının qorunması üçün keyfiyyət infrastrukturunun düzgün yerinə yetirilməsinin, metrologiya və standartlaşdırmanın əhəmiyyəti böyükdür”, – deyə o qeyd edib.
“Standartlar həyatımızın bütün sahələrində mövcuddur və onlar fəaliyyətimizi asanlaşdırmaq, təşkilatların müvafiq qanun və qaydalara əməl etməsini təmin etmək, innovativ məhsulların bazara daxil olmasını sürətləndirmək və bir-biri ilə uyğunluğu təmin etmək üçün qlobal iqtisadiyyatda mühüm rol oynayır. Xüsusilə “yaşıl iqtisadiyyat”ın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlar elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və ölkənin gələcək inkişafında böyük rol oynayırlar. Eyni zamanda standartlar qabaqcıl təcrübənin və mütərəqqi üsulların geniş yayılmasına da imkan yaradır. Son illər Azərbaycanda “yaşıl iqtisadiyyat” istiqamətində məhsul və xidmətlər bazarının sürətli inkişafı və bu sahədə rəqabətin kəskinləşməsi keyfiyyətin yüksəldilməsini, istehlakçılara daha keyfiyyətli məhsul və xidmət təqdim edilməsini labüd edir. Bu isə öz növbəsində yeni standartların hazırlanmasını və tətbiqini təşviq edir”, – deyə M.Abbasbəyli əlavə edib.